28 Ağustos 2016 Pazar

GİRİŞ

GİRİŞ

İnsan hər an Allah`ın onun üçün yaratdığı yüzlərlə nemət və gözəlliklə qarşılaşır: tənəffüs etdiyi təmiz hava, hər biri bir-birindən fərqli və heyranedici gözəllikdəki təbiət mənzərələri, heyvanlardakı gözəlliklər və bir-birindən ehtişamlı bitkilər, çiçəklər və insan gözəlliyi ruha dərin təsir edir. Amma dünya həyatındakı bu gözəlliklərə dair vacib bir həqiqət var. Rəbbimizin bildirdiyi kimi   dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Ali-İmran surəsi, 185)
Dünya həyatının aldadıcılığı onun keçiciliyindən, bir gün mütləq yox olmasından qaynaqlanır. Quranda “Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur...” (Mülk surəsi, 2) ayəsi ilə xatırladıldığı kimi, Allah yer üzünü və dünya nemətlərini insanlardan hansılarının daha yaxşı davranacağını sınamaq üçün yaratmışdır. İnsan burada qısa müddət qalacaq və dünya nemətlərindən ancaq məhdud müddət faydalana biləcəkdir. İnsanın əsl həyatını yaşayacağı yer isə axirətdir. Allah Quranda axirətin insanların əsl həyatı olduğunu belə bildirmişdir:
Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər!  (Ənkəbut surəsi, 64)
Dolayısilə, insanın çox qısa olan dünya həyatını özünə məqsəd edib keçici dünya nemətlərinə həvəslə bağlanması böyük aldanışdır. Allah dünya həyatında Allah`ın rizası nəzərə alınmadan əldə edilən qənimətin keçici və dəyərsiz olduğunu insanlara xatırlatmışdır:
... Onlar bu fani dünya malını alıb: “Biz bağışlanacağıq!”– deyirdilər. Onlara buna bənzər mənfəətlər (yenə də) gəlsəydi, onu da alardılar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan kitabda yazılmış əhd alınmamışdımı? Halbuki, onlar (kitabda) olanları öyrənmişdilər. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər anlamırsınız?  (Əraf surəsi, 169)
Peyğəmbərimiz (səv) də bir hədisində cənnətlə dünya arasındakı fərqi bu misalla açıqlamışdır:
Əbu Hüreyrə (rə): “Rəsulullah (əs) buyurdu ki: “Cənnətdə yay qədər yer günəşin doğduğu və ya batdığı şeydən (dünyadan) daha xeyirlidir”. (Buhari, Bed'ü'l-Halk 8, Tefsir, Vak'a 1; Müslim, Cennet 6, (2826); Tirmizi, Cennet 1, (2525)
“Sizdən birinizin yay qədər və ya qamçı qədər cənnətdəki yeri dünya və içindəkilərdən daha xeyirlidir”. (Hz. Ənəsdən (ra) bu şəkildə bildirilmişdir)
Peyğəmbərimizin (səv) bildirdiyi kimi, bu dünyadakı nemətlər cənnət nemətlərinin ancaq kiçik hissəsi ola bilər. Dünya həyatının nemətləri nə qədər gözəl, heyrətamiz və qalıcı görünsə də, insan bunların ardında gizlənən bu vacib həqiqəti heç vaxt unutmamalıdır. Yalnızca bir aldanışdan ibarət olan bu dünyanın saxta bərbəzəyinə qapılmanın onu həm dünyada, həm də axirətdə hüsrana sürükləyəcəyini bilməli və buna əsasən hərəkət etməlidir. Allah əsl həyatın yaşanacağı sonsuz axirət üçün səy göstərənlərə həm dünyada, həm də axirətdə gözəl həyat verəcəyini vəd etmişdir. (Nəhl surəsi, 97) Əks halda isə insanlar üçün dünya həyatında sıxıntılı güzəran vardır:
Kim Mənim zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik. (Taha surəsi, 124)
Möminlər Quranda bildirilən bu həqiqətlərin fərqindədirlər. Yaşadıqları hər anın, dünya həyatında qarşılarına çıxan hər şeyin imtahanlarının bir hissəsi olduğunu bilirlər. Bu səbəbdən, görünüşdə cəlbedici olan dünya nemətlərinin əsl üzünü bilir, bunlara həvəslə bağlanmır, bütün həyatlarını onlara vəd edilən axirəti qazanmaq üçün keçirirlər. Allah`ın rizasını qazanmağı qarşılarına məqsəd qoyur, dünya həyatına isə ancaq lazımi qədər dəyər verirlər. Bu səbəbdən, həm həyatları gözəl keçir, həm də qəlbləri rahat olur. Bu həqiqətlərdən qəflətdə olan, ya da bilib görməzlikdən gələn insanlar isə dünya həvəsi üzündən çox vaxt sıxıntı içindədirlər.
Bu kitabda hər zaman və hər yerdə qarşılaşa biləcəyimiz nümunələrlə dünya nemətlərinin saxtalığına aldananların yaşadığı yersiz üzüntü və sıxıntılara, bunlardan qurtulmanın yollarına, əsl yurd olan axirət üçün cəhd göstərən möminlərin rahat həyat tərzinə yer verəcəyik. Allah`ın “Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir.   Allah yanında olanlar isə daha xeyirli və daha sürəklidir. Məgər başa düşmürsünüz?” (Qəsəs surəsi, 60) ayəsində bildirdiyi həqiqəti xatırladaraq insanları daha xeyirli və daimi olana, Allah`ın rizasına uyğun yaşamağa dəvət edəcəyik.

SAXTA BİR DÜNYADA YAŞADIĞINIZI BİLİRSİNİZMİ?

SAXTA BİR DÜNYADA YAŞADIĞINIZI BİLİRSİNİZMİ?

Ağıl iman gətirənlərlə inkarçıları bir-birindən ayıran vacib xüsusiyyətlərdən biridir. Allah`ın iman gətirən qullarına aid bir xüsusiyyət kimi yaratdığı ağıl insanın imanı, Allah qorxusu və itaətkarlığı ölçüsündə artır. Allah qorxusu və səmimi iman insana həyatının hər anında Allah`ın rizasına uyğun hərəkət etmələrinə şərait yaradan bir anlayış verir. Belə insan vicdanını dinləyərək Qurana uyğun davranışı seçir və bunun nəticəsində bütün həyatına hakim olan davranış mükəmməlliyi əldə edir. Allah Quranda iman gətirən qulları üzərindəki bu rəhmətini belə bildirmişdir:
Ey iman gətirənlər! Əgər Allah`dan qorxsanız, O, sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)
İnkar edən bir şəxs isə nə qədər zəkalı olsa da, iman gətirmədiyi müddət ərzində Allah`ın qüdrətini təqdir edə bilməz, yaşadığı dünyanın keçiciliyini anlamaz və bunun nəticəsində nə edəcəyini qavrayan ağıla sahib ola bilməz. Çünki ağıl zəkadan fərqlənir: cəhd və təcrübə ilə əldə edilə bilməz, riyazi məsələləri həll edərək, qarışıq əməliyyatlarla məşğul olaraq inkişaf etdirilə bilməz. Ağıl sadəcə Allah`ın diləməsi ilə yaranan və iman gətirənlərə aid bir anlayış və qavrama gücüdür.
Allah Quranın bir çox ayəsində inkar edənlərin ağıldan yoxsul olduqlarına diqqət çəkmişdir. Bu ayələrdən bəziləri belədir:
...Lakin kafir olanlar Allah`a qarşı yalan uydururlar. Onların çoxu isə (bunu) anlamır... (Maidə surəsi, 103)
Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayanın (çobanın) məsəlinə bənzəyir.Onlar kar, lal və kordurlar, (haqqı) anlamazlar. (Bəqərə surəsi, 171)
Şübhəsiz ki, Allah dərgahında canlıların ən pisi (haqqı) anlamayan karlar və lallardır. (Ənfal surəsi, 22)
İnkar edənlərin bu dünyanı həqiqi bilib axirəti unutmalarının və sadəcə nəfslərinin istəklərini reallaşdırmağa çalışmalarının əsas səbəblərindən biri ayələrdə bildirildiyi kimi, anlamamalarıdır. Bu səbəbdən, hər şeyin bu dünya ilə məhdudlaşdığını düşünürlər. Hadisələrə baxışı və dəyərləndirmələri də demək olar ki, bütünlüklə dünyaya yönəlmişdir. Dünya həyatının sadəcə zahiri yönünü görür, əsl məqsədini qavramır, axirəti isə tamamilə unudurlar. Allah Quranda bu insanlar haqqında belə buyurur:
Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər. Məgər onlar özlüyündə fikirləşmirlər ki, Allah göyləri, yeri və onların arasındakıları ancaq bir gerçəklik kimi və müəyyən müddət üçün yaratmışdır? Lakin insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir.  (Rum surəsi, 7-8)
Halbuki, Allah Quran ayələrində insanlara dünya həyatının əsl üzü haqqında məlumat vermiş və onları saxta dünyaya aldanmaq üçün xəbərdar etmişdir.
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır.  (Ali-İmran surəsi, 14)
Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız?  (Ənam surəsi, 32)
Başqa ayələrdə Allah: “Xeyr! Əksinə, siz tez ötüb keçəni sevir, axirətdən isə uzaqlaşırsınız” (Qiyamət surəsi, 20-21) -sözləri ilə insanların axirətə əhəmiyyət vermədiyini xatırlatmışdır. Şübhəsiz, bu davranış insanları sonsuz itkiyə məruz qoyur.
Yüksək elm sahibi, dəyərli İslam alimi İmam Qəzali də bir sözündə bu mövzunu xatırlatmış, keçici dünya nemətlərinin Allah`ın axirətdə verəcəklərinin yanında dəyərsiz olduğunu izah edib insanları axirət üçün çalışmağa çağırmışdır:
... Dünyadakı hökmdarların rütbəsi onların sahib olduğu məqamın yanında kiçik qalır, onlarla müqayisə belə edilə bilməz! Axirət sultanlığı haqqında Cənab Haqq belə buyurur: “(Cənnətdə) hara baxsan, nemət və əzəmətli səltənət (nişanəsi) görərsən” (İnsan surəsi, 20)
Cənab Haqqın böyük səltənət dediyi axirət mülkünü sən də uca tut! Sən də çox yaxşı bilirsən ki, dünya və içindəkilər çox az və dəyərsiz şeylərdir. Həyat qısa, dünyadakı nemətlərin davamı qısa və çox azacıq bir müddətdir. Sonra biz qalxırıq, bu azın azını əldə etmək və azacıq bir müddət onunla birlikdə olmaq üçün canımızı və malımızı səfərbər edirik. Bir qismimiz bunu əldə edir, bir qismi əldə edə bilmir, əldə edənlərə qibtə edir. Onu əldə etmək üçün canını və malını təhlükəyə atdığına heç fikir də vermir. (İmam Qəzali, Cənnətə doğru, (Yeddi keçid) Minhacül-Abidin, səh. 319)

ƏSL HƏYAT AXİRƏTDƏDİR

İnsanlar yaradılış və yaşamaq məqsədlərini, Allah`a necə qulluq edəcəklərini və həyata dair bütün həqiqətləri Quranın işığında öyrənirlər. Əvvəlki sətirlərdə yer verildiyi kimi, Quranda axirət barədə “əsl həyat budur” şəklində bildirilmişdir. Dolayısilə, hal-hazırda yaşadığımız dünya ayələrdə bildirildiyi kimi, sadəcə əyləncə yeri, insanlar üçün sınaq məkanıdır. İnsan axirət həyatına keçdiyi zaman dünya həyatına dair zehnində yalnızca qısa xatirələr qalacaq. Dünya həyatının axirətin yanında göz qırpımı qədər qısa müddətdə keçdiyini belə açıqlaya bilərik:
Yuxuda gözəl yaz havasında çay kənarında oturduğunuzu düşünün: xəfif meh əsir, ətrafa sərinlik verir. Çayın xoş səsi və bir-birindən gözəl çiçəklər sizi valeh edir. Çox sevdiyiniz dostunuz da yanınızdadır. Havadan gül qoxusu gəlir və quşlar da cəh-cəh vurur. Birdən yuxudan oyanırsınız və sadəcə yataqda olduğunuzu görürsünüz. Həqiqi zənn etdiyiniz şeyin, əslində, yalnız yuxudan, beyninizdəki xəyaldan ibarət olduğunun və bir anda itib getdiyinin fərqində olarsınız.
İndi isə eyni şeyləri oyandıqdan sonra həyata keçirdiyinizi düşünək. Həqiqətən də gözəl bir çay kənarında sevdiyiniz dostunuzla müxtəlif gözəlliklərə tamaşa edib söhbət etdiyinizi fərz edək.
Bu iki hadisədən sonra sizə: “Bunlardan hansını seçərsiniz?” -deyə soruşsalar, əlbəttə: “Oyandıqdan sonra etdiklərimi”, -deyə cavab verərsiniz. Bunun səbəbi, yuxuda edilənlərin yuxuda qalması, insana əsl həyatında heç nə qazandırmamasıdır. Heç kim yuxusunda itirdiyi şeylərə üzülmür; çünki bunların əsl həyatına təsir etmədiyini bilir. İnsan yuxuda etdiklərindən nə qədər həzz alsa da, nə qədər əylənsə də, bu, ona heç vaxt əsl həyatda oyanarkən etdikləri qədər zövq verməz.
Yuxunun həqiqətlə müqayisə edildiyi kimi, dünya həyatı da axirət həyatı ilə müqayisədə çox qısa və keçicidir. Yuxudan oyandıqda yuxunuzdakı xəyali dünyadan çıxıb əsl həyatınıza dönməyiniz kimi, çox həqiqi kimi görünən bu dünya həyatı da qısa müddət ərzində sona çatacaq və əsl sonsuz həyatınızı yaşayacağınız axirət həyatı başlayacaq. Axirətdə insanların dünyada çox qısa müddət qaldıqlarını anladığı Quranda belə xəbər verilmişdir:
Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”– deyə soruşacaq. Onlar: “Bir gün, yaxud bir gündən də az qaldıq. Sən sayanlardan soruş”– deyəcəklər. (Allah) deyəcək: “Siz çox az qaldınız. Kaş biləydiniz! (Muminun surəsi, 112-114)
Allah bir başqa ayədə də yağışla cücərib, sonra quruyub çör-çöp olan bir əkin misalı kimi dünya həyatının aldadıcı ləzzətdən başqa bir şey olmadığını və bir gün mütləq sona çatacağını bildirərək insanları xəbərdar etmişdir:
Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o, çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allah`dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid surəsi, 20)
Elə isə Quranda xəbər verilən bu həqiqəti bilərək dünya həyatının keçici nemətlərini əldə etməyə həvəslənmək, bunların sıxıntısını yaşamaq böyük səhvdir. İman gətirənlər dünya nemətlərini Allah`ın onlara bir lütfü olduğunu və bütün bunları Allah`ın rizasını qazanmaq üçün vasitə kimi dəyərləndirməyi bilirlər. Allah ixlaslı davranışlarının əvəzinə iman gətirənlərin hər işini bərəkətli edir və onları axirət həyatında sonsuz cənnəti ilə mükafatlandırır.
Dünyanın saxta üzünü görməyib onunla kifayətlənənlər isə axirət üçün cəhd göstərmirlər. Dünyanı həqiqi zənn etdiklərinə görə, bütün planlarını bu keçici həyat üçün qururlar. Allah müxtəlif hikmətlərlə onlara dünyada bəzən nemət versə də, axirətdə onları böyük peşmanlıq gözləyir. Allah bu insanların dünya və axirətdəki vəziyyətini Quranda belə bildirir:
Biz axirət savabını istəyənin savabın artırar, dünya qazancını istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz.  (Şura surəsi, 20)
Bəli, Biz onlara və atalarına ömürləri boyunca qədər xoş güzəran verdik. Məgər onlar Bizim gəlib ərazini hər tərəfdən əskiltdiyimizi görmürlərmi? Doğrudanmı onlar qalib gələcəklər?! (Ənbiya surəsi, 44)
... De: “Küfrünlə bir az dolan. Şübhəsiz ki, sən cəhənnəm sakinlərindənsən!”  (Zumər surəsi, 8)
Qoy onlar yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər.  (Hicr surəsi, 3)
İnsanların axirətdə belə bir vəziyyətlə qarşılaşmamaq üçün Qurandakı bu xatırlatmalar üzərində düşünüb öyüd almalıdırlar.

70 İLLİK İNSAN ÖMRÜ 70 SANİYƏ KİMİ KEÇİR

ADNAN OKTAR: İnsanlar oyananda soruşurlar ki, bizi yatdığımız yerdən kim qaldırdı, təəccüblənirlər. Yuxu gördüklərinin qənaətində olurlar. Onlardan bir-bir nə qədər qaldıqlarını soruşurlar. “Bir günün bir azı qədər qaldım”, -deyir. Yatdığını düşündüyü üçün, məsələn, günorta yatıbsa, axşama qədər yatdığını düşünür. Amma hara gəldiyini öyrənmək istəyir. “Bura haradır?” -deyir, “Biz hara gəldik?” -deyir. “Mən harada yatırdım?” -deyir. Halbuki, yaşadığı dünyadan gəlib. Əslində, xatırlayır. Yəni bütün hadisələri xatırlayır.

APARICI: Zamanı bilmir, eləmi? Zaman məfhumu qalmır.

ADNAN OKTAR: Bəli, zamanın dəyişməsindən qaynaqlanır. Məsələn, 70 illik ömrü bəzən 70 saniyə kimi keçir. Çox qısa olur. Məsələn, bir qismi deyir ki, bir göz qırpımı qədər. Çox qısa olduğunu deyir, qaldığı vaxtın. Allah da bunu bildirir. Bir çox izahı var. Bunları ayrı-ayrı ifadə etmişdir. Hər birindən ayrı məna çıxır. Yəni heç biri tam başa düşmür, amma başa düşənlər də var, nadir. Zamanı tam anlaya bilmirlər. Zamanın izafi olduğunu göstərmək üçün Allah bunu edir. Müsəlmanlar, iman gətirənlər, Allah çox Qaffar və Rəhimdir, onlar üçün çox şahanə, gözəl həyat başlayacaq, hər şeyin doğru, pozitiv olduğu, baxın, dünyada hər şey əskikdir, heyrətamiz dərəcədə əskikdir. Həşəratlara baxın, mükəmməldir. Heç bir patoloji hal, ağzı-burnu qüsurlu həşərat görə bilməzsiniz. Hamısı gözəldir. Kəpənəklər makiyaj etmədən gözəldirlər, tərtəmiz, çimməzlər, diş təmizləməzlər, ətir vurmazlar, deodorant vurmazlar. Heç saç ustasına da getməzlər. Eləmi? Oradakı kəpənəklər məsələn. Quşlara da baxırsınız, heyrətamiz dərəcədə bəzəklidirlər. Tovuz quşları bilirsiniz, heyrətamiz dərəcədə bəzəklidirlər, yaraşıqlıdırlar. Eləmi? Mükəmməldir.İnsan çox acizdir, xüsusi şəkildə yaradılmışdır belə. Yəni daim baxıma möhtacdır. Məsələn, digər heyvanların balaları özbaşına yaşaya bilirlər, amma insanın balası yaşamır. Anasının çox diqqətli baxımı ilə yaşaya bilər. İnsanlar bura gəlir, məsələn, əvvəl ibtidai sinfə gedirlər, uşaqlar üçün əziyyət ibtidai sinifdə ikən başlayır. Taxta sıralara oturdulur uşaqlar, sübh tezdən. Sübh tezdən qaldırılır, eləmi? Avtobuslara doldurulur. Məktəbə gedir, taxtanın qarşısına 5 il gedir-gəlir. Sonra gəncliyin ən gözəl illərində yenə 3 il orta məktəbə gedir. 4 il eləmi, bizim dövrümüzdə 3 il idi. Baxın, 12 il. Gəncliyin ən gözəl illəri. Taxta sıralarda, evə də gəldimi, bir əlini yanağına qoyur, başlayır kitabları oxumağa. Gecəli-gündüzlü eləmi? Nəfəs almır. “Aman”, -deyirlər: “Balam, həyətə çıxma, kitabını oxu”. Uşaqların çoxunun gözü zəifləyir, bilirsiniz. Üniversitetə gedir, məsələn, Tibb fakültəsində 6 il, belə qalaq-qalaq kitabları su kimi əzbərlədirlər. Ondan sonra ixtisasa gedirlər. Orada da xəstələr gəlir, məsələn, bəzisinin narahatlıqları olur, bəzisindən qan axır, bəzisinin əl-ayağı sınır. Bir betonun içində, altdan-üstdən hər tərəfi betonla əhatələnmiş yerdə axşama qədər bunu edir, oradan evə gedir, yeməyini yeyir, televizora baxır, səhər yenə gedir, ertəsi gün yenə gedir, yenə xəstələr gəlir və ya başqa adamlar gəlir, yəni başqa bir iş yeridirsə, sənədlər gedir-gəlir, onu yazır betonun içində. Daim betonların arasında keçir insan həyatı. O beton hücrədən çıxıb o biri beton hücrəyə gəlir. Arada da, avtobus gözləyirlər. Beləliklə, dosent olur, professor olur, rahat olduğu bir zamanda artıq deyirlər ki, rəhmətlik çox yaxşı insan idi. Onu deyirlər: “İş yerinə də götürək tabutu ilə, inşaAllah”. Dünya, bax, bu qədər qısa və çətindir. Biz bunun üçün dünyaya gəlmirik. İnsanlar anormal şəkildə dünyaya bağlanırlar. Halbuki, dünyanın açıq şəkildə imtahan yeri olduğu bəllidir. Məsələn, səhər dururlar sərsəm kimi, məsələn, qadınlar çox baxımlı olurlar, amma səhər yuxudan duranda pərişan olurlar, bilirsiniz. Yəni çimir, özünə baxır, sahmana salır. Bir qadının özünü normal hala gətirənə qədər nə qədər çalışdığını bilirsiniz. Yəni normal hala gəlincəyə qədər xeyli iş görür. Bəylər də elə. Eləmi, o da çalışır, çox çətindir. Yəni insanın acizliyi bilinir... Bura imtahan yeridir, elə bağlanacaq yer deyil. Müddət də çox qısadır, hər kəs bunu görür. Məsələn, nə qədər məşhur və tanış insan var idi, heç biri ortada yoxdur. Hamı tez alışır. Məsələn, Sakıp Sabancı çox nəşəli insan idi, indi yoxdur, eləmi? Allah rəhmət etsin. Unuduldu getdi. Nə qədər belə insanlarımız vardı şən, nəşəli, daim televizora çıxan. Baxın, unuduldu getdi. Allah rəhmət etsin hamısına, inşaAllah. (Cənab Adnan Oktarın Gaziantep Olay TV müsahibəsi, 18 noyabr 2009)

DÜNYADAKI GÖZƏLLİKLƏR ƏSKİK VƏ QÜSURLUDUR

Hal-hazırda yaşadığınız dünya həyatını axirət həyatı ilə müqayisə etdikdə yuxu və ya xəyal kimi qalmasının ən vacib səbəblərindən biri dünyanın bir çox əskikliklə dolu olmasıdır. Yuxuda yediyiniz almanın ləzzəti oyaq ikən müqayisə edildikdə necə heç nə ifadə etmirsə, dünyada etdiyiniz şeylərdən aldığınız zövq də axirətə görə çox əskik və aldadıcıdır. Allah Quranda dünya həyatındakı aldadıcı olmasını insanlara belə bildirir:
... Həqiqətən, Allah`ın vədi bir həqiqətdir. Qoy, bu dünya sizi çaşdırmasın, hiyləgər (şeytan) da sizi Allah`ın (əzabından) arxayınlaşdırıb tovlamasın. (Loğman surəsi, 33)
Allah insanı quru palçıqdan yaratmış və ona Öz ruhundan üfürmüşdür, insanı yoxdan var etmişdir. Allah insan nəfsinin bütün xüsusiyyətlərini: zəifliyini, istəklərini, xoşuna gələn və ya ehtiyac duyduğu şeyləri, narahatlıqlarını, qorxularını, qısaca desək, hər şeyi ondan daha yaxşı bilir. Allah bizə nə qədər yaxın olduğunu bir ayədə belə xəbər verir:
İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.  (Qaf surəsi, 16)
İnsan ruhu həmişə qüsursuzluğun həsrətini çəkir. Onun bütün istək və arzularını bilən Allah imtahanın bir gərəyi olaraq saysız nemətlərlə bərabər, dünya həyatını müxtəlif nöqsan və qüsurlarla yaratmışdır. Yaşamaq üçün və bütün nöqsanları düzəldib qüsurlardan arınmaq üçün insanlar çox cəhd göstərməlidirlər. Buna baxmayaraq, insanın dünya həyatında arzuladığı mükəmməlliyə çatması qeyri-mümkündür. Allah bu neməti cənnətə və ancaq ona layiq olan qullarına xas etmişdir.
Dünya həyatında isə yalnız yaşamaq üçün bir çox əskikliklə mübarizə aparmaq lazımdır; istisnasız hər gün yemək yeməyə, yatmağa, xəstəliklərdən qorunmağa, təmizlənməyə, baxıma ehtiyac var. Eyni zamanda, nəfsin pisliklərindən çəkinmək və gözəl əxlaq göstərmək üçün də hər an vicdanlı və ağıllı davranmaq lazımdır.
Quranın “O, Xaliq, yoxdan yaradan, surətverən Allah`dır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir” (Həşr surəsi, 24) ayəsində bildirildiyi kimi, Allah`ın yaratması qüsursuzdur; Rəbbimiz hər şeyə güc yetirən, dilədiyi hər şeyi yaratmağa qadir olandır. Ancaq Allah dünya həyatında bəzi nöqsan və qüsurlar yaradaraq qullarını düşünməyə sövq edir.
Bir-bir düşündükdə cənnət həyatının qüsursuzluğu ilə dünya həyatındakı əskikliklərin hikmətləri daha aydın şəkildə başa düşülür. Məsələn, insan nə qədər istəsə də, ən çox 2-3 gün yuxusuz qala bilər. Bu müddətdən sonra yavaş-yavaş şüuru itir və insan özünü idarə edə bilmir. Həmçinin 2-3 gün yuyunmayan insan kirlənir. Bir müddət sonra bədənində narahatlıq başlayır. Bundan başqa, yaşamaq və sağlamlığını qorumaq üçün daim qidalanmalı və özünə yaxşı baxmalıdır. Eyni zamanda, xəstələnmək də ciddi nöqsandır. İnsan o qədər acizdir ki, gözlə görünməyən kiçik mikrob və ya virus onu bir anda xəstələndirə bilir. Belə vəziyyətdə insan bir çox işi görə bilmir və çox şeydən zövq ala bilmir. Başqalarının yardımına və baxımına möhtac olur.
Rəbbimiz sonsuz rəhməti ilə insanların dünya həyatında qarşılaşdığı bu nöqsanların qarşısını almaq üçün imkanlar da yaratmışdır; güc və qüvvət qazandıran müxtəlif yeməklər, təmizliyi və baxımı üçün müxtəlif vasitələr, xəstəliyə şəfa verən dərmanlar Allah`ın insanlar üzərində olan mərhəmətinin və qorumasının təcəlliləridir.
Dünya həyatında maddi qüsurlarla bərabər, mənəvi çətinliklər də var. İnsanın sıxıntıya düşməsi, müxtəlif qorxu və narahatlıqlar keçirməsi bu mənəvi çətinliklərə nümunədir. Ayrıca, nəfs hər şeydən tez bezir; böyük həvəslə başladığı bir işdən bir müddət sonra sıxılır. Bütün bunlar Allah`ın dünya həyatında xüsusi olaraq yaratdığı nöqsanlardandır.
Ancaq burada onu da qeyd etmək lazımdır ki, dünya həyatında yaşanan bu mənəvi sıxıntılar iman gətirməyənlər üçün əzab olduğu halda, möminlər həmişə belə şeylərdən uzaq olur. İnsan nəfsindəki bir çox pis xüsusiyyətlərlə birlikdə yaradılmışdır; ancaq iman və Allah qorxusu insanı bu pisliklərdən və nəfsinin zəifliklərindən uzaqlaşdırır. Allah`a səmimi imanla bağlanmaq insanların narahatlıq, bezginlik və ya üzüntü kimi sıxıntılar keçirməsinin qarşısını alır. Bu səbəbdən, bəhs etdiyimiz mənəvi sıxıntılar, əslində, inkar edənlər üçün çətinliyə çevrilir.
Allah yaratdığı bütün qüsur və nöqsanlarla insanlara dünyanın saxta üzünü göstərir. Beləliklə, insan heç bir əskikliyin olmadığı, hər şeyin tam və qüsursuz olduğu bir həyatın – cənnətin həsrətini çəkir. Cənnətdə insanlar sonsuza qədər heç bir sıxıntı keçirmədən yaşayacaq, heç nədən bezməyəcək və yorğun olmayacaqlar. Allah Quranda belə buyurmuşdur:
Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allah`a həmd olsun! Həqiqətən, Rəbbimiz bağışlayandır, şükürün əvəzini verəndir. Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir üzgünlük toxunacaqdır!” (Fatir surəsi, 34-35)
Allah başqa ayələrdə cənnətdə insanların nəfslərində arzuladıqları hər şeyi tapacaqlarını belə bildirmişdir:
Həqiqətən də: “Rəbbimiz Allah`dır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin! Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır. (Fussilət surəsi, 30-31)
İnkar edənlər axirətin varlığına inanmadıqları üçün nəfslərinin bu yöndəki istəklərini dünya həyatında ikən ödəməyə çalışırlar. Dünya nemətlərinə nə qədər çox sahib ola bilərlərsə, o qədər xoşbəxt olacaqlarını zənn edirlər. Buna görə, Allah`ın “Məni yaratdığım kimsə ilə tək burax, Mən ona bolluca var-dövlət bağışladım, qayğısına qalan oğullar (verdim) və onu hər cür imkanlarla təmin etdim. (Bunlara baxmayaraq,) o, (yenə də) əlavə etməyimi arzulayır” (Müddəssir surəsi, 11-15) ayələri ilə bildirdiyi kimi qəzəb və tamahkarlıqla dünya nemətlərinin ardınca qaçırlar. Halbuki, onların heç biri insana axtardığı xoşbəxtliyi vermir. Çünki inkarçıların qəlbən yaşadığı və maddi dəyərlərlə doldurmağa çalışdığı bu boşluğun əsl səbəbi Allah`dan uzaq ömür sürmələridir. İnsan ancaq Allah`ı andığı zaman rahat olacaq şəkildə yaradılmışdır. Allah`ın zikrindən uzaq olanlar isə mal, mülk, məqam və ya şöhrətin xoşbəxtlik gətirəcəyini zənn edib həyatını boş əməllərlə keçirirlər.
Bu insanlar dünya həyatındakı cəhdlərinin nə qədər boş olduğunu isə ancaq axirətdə biləcəklər. Dünya həyatında Allah`ın rizasından üz çevirmələrinə görə axirətdə acı əzabla qarşılıq görəcəklər. Bu, elə bir əzabdır ki, ailələrini, dünyada həvəslə bağlandıqları və gecə-gündüz çalışıb qazandıqları mallarını, sahib olduqları hər şeyi o günün əzabından qurtulmaq üçün fidyə vermək istəyəcəklər. Allah inkar edənlərin axirətdəki vəziyyətini belə bildirmişdir:
Əgər zalım olan hər kəs yer üzündə olanların hamısına sahib olsaydı, mütləq onu (əzabdan qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükdə dərindən peşman olarlar. Onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz. (Yunis surəsi, 54)
Yer üzündə olanların hamısı və üstəlik bir o qədər də əlavə, zalımlara məxsus olsaydı, onlar mütləq hamısını qiyamət gününün dəhşətli əzabından qurtarmaq üçün fidyə verərdilər. Lakin Allah`dan onlara güman etmədikləri (bir əzab) düçar olacaqdır. (Zumər surəsi, 47)
(Halbuki) onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş nəslini və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin. Xeyr (bu mümkün deyildir)...  (Məaric surəsi, 11-15)
İnsanı həm dünya həyatındakı sıxıntıdan, həm də axirətdəki sonsuz əzabdan iman gətirərək Allah`ın rizası üçün yaşayarsa xilas ola bilər. Allah Quranda bu əxlaqı göstərənlər üçün həm dünyada, həm də axirətdə gözəl həyat olduğunu müjdələyir:
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.  (Nəhl surəsi, 97)
Böyük İslam alimlərindən Əbdülqədir Qeylani də insanlara dünya həyatı ilə məşğul olmamağı, Rəbbimizin rizasını və axirəti qazanmağı xatırlatmış, belə əxlaq göstərdiyi zaman insanın dünyada tərk etdiyi hər şeyin ən xeyirlisini axirətdə tapacağını söyləmişdir:
Sənin əzmi-səyin (ən böyük cəhdin) yemək, içmək, geyim və evlənmək kimi bəsit şeylər olmasın. (Çünki bunlar qayə deyil, qayəyə çatmaq üçün vasitədir. Vasitəni qayə yerinə qoyma). Unutma ki, bunların hamısına olan istək nəfs və təbiətdən gəlir. Qəlb və sirrin əzmi-səyi haradadır? Onu bilmək və tapmaq lazımdır. Şübhən olmasın ki, bu, haqqı tələbdən başqa bir şey deyil. Sənin himmətin ən vacib məsələn olmalıdır. Ona görə də əzmi-himmətin (ən ciddi və səmimi səyin) sadəcə Rəbbin və Onun qatındakı şeylər olsun...
Dünyanın qarşılığı axirətdir. Xalqın da qarşılığı Xaliqdir. Dünyadan axirətə, xalqdan Xaliqə dönəcəyini bil...
Bu dünyada tərk etdiyin hər şeyin ən xeyirlisini axirətdə taparsan. Artıq sən ömrünə bir gün qalmış kimi hazır ol...(Abdülkadir Geylani, Gönül İncileri İkazlar, Türkçeye çeviren: Celal Yıldırım, Bahar Yayınları, sf. 27,28,29)

İNSANIN SONSUZLUQ İSTƏYİ ANCAQ AXİRƏTDƏ YERİNƏ YETİR

ADNAN OKTAR: Təbii ki, cənnətdə kişi kişidir, qadın da qadındır. Amma ruhlar birdir. Yəni bədən quruluşuna görə dəyişir: yoxsa qadın ruhu, kişi ruhu ayrı deyil. Mömin ruhu vardır. Hz. Məryəmin ruhu necədirsə, hz. İbrahimin (əs) ruhu da elədir. Çünki Allah: “Ruhumdan üfürdüm”, -deyir. Yəni Allah ayrı-ayrı ruhlar üfürdüyünü demir. Özünə aid ruhu üfürdüyünü, deyir Allah, elə deyilmi? Allah`a aid ruh üfürülmüşdür. Dolayısilə, Allah`ın ayrı-ayrı ruhları yoxdur. Bir ruh var, qadında da, kişidə də eynidir. Cənnətdə cinsi əlaqə var. Yəni bəzi insanlar bunu çirkin üslubla inkar etməyə cəhd edirlər. Cinsi əlaqə sevginin ən yüksək formasıdır. Ən şiddətli ifadə formasıdır və sevgiyə əsaslanır. Yəni heyvani rəftar deyil, halalı ilə olduqdan sonra. Yəni insan çox sevmədikdən sonra, Allah`ın təcəllisi kimi görmədikdən sonra ətdən niyə təsirlənsin, elə deyilmi? O, Allah sevgisinə olan coşqun duyğunun ifadə edilməsi üçün meydana gələn toxunma hissidir. Yəni qüvvətli toxunma hissidir. Allah`a qarşı sevginin coşmasıdır o. Amma bəzi insanlar bunu heyvani məntiqləri ilə dəyərləndirirlər. O ayrı, heyvanlaşan insanlarla müsəlman ruhunda olan insanın arasında çox böyük fərq var. İnsan Allah`ın təcəllisinə qarşı içində duyduğu coşqunu, məhəbbəti ifadə etmək üçün həyat yoldaşına sevgi göstərir, sarılır, ona toxunmaq istəyir. Dolayısilə, cənnətdə cinsi əlaqə var. Qurandakı açıqlamalardan, izahlardan bu açıqca bəlli olur. Məsələn, qadın gözəlliyi ətraflı izah edilir Quranda və: “Onlar qorunub saxlanılmış yumurta kimidirlər”, -deyilir. Bunu çirkin görən düşüncə tərzi anormaldır. Allah`ın halal və gözəl etdiyi bir şeyi öz ağlına görə çirkin görür. Qeyri-qanuni əlaqə çirkindir. Halal olmayan əlaqə çirkindir. Bu səbəbdən, məsələn, zina deyiləndə insan iyrənir, adi hərəkət kimi görmür. Niyə? Qeyri-qanuni olduğu üçün. Qanuni olanda ibadət olur və gözəllik olur o. Niyə ondan qaçsın müsəlman? Allah`ın verdiyi nemətdir və gözəllikdir. Dolayısilə, cənnətdə də vardır təbii ki.
APARICI: Burada: “Yeni yaradılışla yaradacağam deyir”, -ayədə. Bunu bir az açıqlaya bilərsinizmi?
ADNAN OKTAR: Bəli, yeni yaradılışdan fərqli olaraq, indi ürəyimiz bədənimizə qan vurmazsa ölərik, amma orada elə bir şey yoxdur. Ürək gözəllik olaraq, zövq olsun deyə yaradılır. Yəni damarların o tərzdə təmin olunma sistemi yoxdur. Hüceyrələrin ölməsi yoxdur. Hüceyrə ölməz. Bədən hüceyrəsi, bədən olduğu kimi qalır, yəni sonsuza qədər ölməz bədən hüceyrəsi cənnətdə. Məsələn, burada sürətlə ölürlər, bilirsiniz. Bədən daim yenilənir. Ölmə xüsusiyyəti yoxdur. Məsələn, saçlar tökülməz, diş tökülməz. Məsələn, ağzı yumağa ehtiyac yoxdur. Ağız həmişə təmizdir, yeni yaradılışına uyğun olaraq. Məsələn, səhər duranda insanlar üzlərini yumalıdırlar. Cənnətdə yuyunmağa ehtiyac yoxdur. İnsan həmişə təmizdir. Məsələn, sancı hissi olmaz, narahat olmaz, üşüməz. Onsuz da üşüyəcək məkan da yoxdur, amma üşümə hissi də olmaz. Məsələn xəstələnməz. Mikrob və ya virus yoxdur orada, insanlara təsir edən. Dolayısilə, yeni bir yaradılışdır. Yəni insanın acizliyi yoxdur, təbii ehtiyacları yoxdur. Son dərəcə təmiz bir varlıqdır insan və baxımlıdır. Yəni özünü düzəltməyə, özünə baxmasına lüzum olmaz, nə qadınların, nə də kişilərin. Amma bir qadının və ya bir kişinin özünə baxmasa, necə pərişan olduğunu, necə aciz olduğunu hamı bilir. Bu, dünyanın bir xüsusiyyətidir. Allah onu xüsusi olaraq, qəsdən yaradır. Dünyaya bağlanmayaq, dünya həvəsimiz olmasın deyə. Xəstəlikləri də onun üçün yaradır, iflası da onun üçün yaradır. Məsələn, xanımlar botoksla yaxşı görünmək üçün cəhd edirlər, elə deyilmi? Ölümə qarşı, yaşlanmağa qarşı cəhd edirlər. Heyf, çox sevimlidirlər, bir də qəribə forma alır ondan sonra ağzı, üzü sıxılır plastik kimi. Gözəlləşmək üçün böyük əzab çəkirlər, amma təşvişlə cəhd edirlər. Halbuki, dünya qısadır, yəni öləcək, bəllidir.
APARICI: Hər yaşın öz gözəlliyi var.
ADNAN OKTAR: Halbuki, təbii halında qalsa, daha gözəl olar. Qaşını çəkdirir, gözlərini çəkdirir...
APARICI: Hamısı da bir-birinə bənzəyir.
ADNAN OKTAR: Heyf. Çəkdiyi əziyyətə baxın. Üzü plastikdən düzəldilmiş kimi sıxılmışdır. Gülə də bilmir.
APARICI: Təəccüblü bir ifadə olur.
ADNAN OKTAR: Yəni nəyə lazımdır bu qədər əzab? Bir neçə on il içində onsuz da insanlar ölürlər. Məsələn, 40 yaşındadırsa, 3-5, 10 il deyək, yəni maksimum inşaAllah. Dolayısilə, əsl həyat axirətdədir. Əsl xeyirli yaşantı axirətdədir. Bu görüntüdən ibarət gözəlliklər axirətdə sabit olur. Burada həmişə sonludur. Məsələn, bizə sonsuz olma instinkti verilmişdir, amma təmin edilməmişik. Ən güclü instinktdir insanda, sonsuz yaşamaq instinktidir. Gecə-gündüz insanlar bunu düşünürlər. Məsələn, cinsi instinkt verilir, o təmin edilir. Məsələn, analara analıq instinkti verilir, təmin edilir. Aclıq instinkti var insanlarda Allah`ın verdiyi, təmin olur. Məsələn, özünü müdafiə etmə instinkti var, bu da təmin olur. Sonsuzluq instinkti də Allah tərəfindən xüsusi olaraq verilmişdir. Qüvvətli, ən qüvvətli instinktdir. Bu, cənnətdə təmin edilir, inşaAllah. Amma dərin düşünməyən bunu qavramaqda çətinlik çəkir, yəni səthi dünyagörüşü ilə və səmimiyyətsiz baxışla Allah`a yaxınlaşdıqda Allah insanın ağlını örtür. Yoxsa Allah`ı anlamamaq mümkün deyil, aydın baxdıqda çox səhihdir. İnsanların səmimi düşünmədiyinə görə Allah`ı anlamadıqlarını görürük. (Adnan Oktarın TV Kayseri müsahibəsi, 22 noyabr 2009-cu il)

HƏVƏS VƏ HƏRİSLİK XOŞBƏXT OLMAĞA MANE OLUR

Allah Quranda insanların nəfsinin iki xüsusiyyətinin olduğunu bildirir. Bunlardan biri pisliklərdən çəkindirən və yaxşılığı əmr edən vicdan, digəri isə pisliyi əmr edən fücurdur. “Fücur” sözü “günah və üsyan etmək, fasiq olmaq, yalan söyləmək, baş qaldırmaq, haqdan üz çevirmək, nizamı pozmaq, əxlaqi degenerasiya, təqvanın ziddi” mənalarını verir. Yəni fücur adlandırılan qavrayış insan nəfsinin mənfi xüsusiyyətlərini əhatə edir. Allah Quranda nəfsə fücuru, eyni zamanda, ondan çəkinməyi, yəni vicdanı ilham etdiyini bildirir:
And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və (Allah`dan) qorxmağı təlqin edənə! Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. Onu (günaha) batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7-10)
Nəfsin fücurunun Quranda diqqət çəkilən vacib xüsusiyyətlərdən ikisi həvəs və hərislikdir. Axirəti düşünməyib dünya həyatı ilə kifayətlənən insan sahib olduğu hər şeyə həvəs və hərisliklə bağlanır. Sanki ölüm və axirət çox uzaq imiş kimi yaşamağa başlayır. Halbuki, Quran əxlaqından uzaq yaşayan cəmiyyətlərdə insanların həris olması təriflənən, hətta tələb olunan xüsusiyyətdir. Bir insan həyata nə qədər çox bağlıdırsa, dünyadan mənfəət əldə etmək üçün nə qədər çox cəhd göstərirsə, eyni anlayışa sahib olan insanlar tərəfindən o qədər təqdir görür. Amma bu düşüncə yanlışdır. Əlbəttə, insan gözəl yaşamaq üçün cəhd göstərməlidir və həmişə hər işində əlindən gələnin ən yaxşısını etməyə çalışmalıdır. Amma bu əzm və qətiyyət Allah`ın bəyəndiyi həyatı yaşamaq üçün olmalıdır. Yoxsa insanların sahib olduğu hər şeyi onlara verənin Rəbbimiz olduğunu unudaraq dünyaya həvəslənmək və Quran əxlaqından uzaq yaşamaq səhvdir.
Quranın “var-dövləti də hərisliklə sevirsiniz” (Fəcr surəsi, 20) ayəsi ilə inkar edənlərin dünya malına olan həris sevgilərinə diqqət çəkilmişdir. Bir başqa ayədə isə “... Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir...” (Nisa surəsi, 77) sözləri ilə Allah insanların həvəslə bağlandığı nemətlərin “məta” olduğunu xatırlatmıştır. “Məta” sözünün mənası az və dəyərsiz, axırda yox olan bir şey, əşyadır. Dolayısilə, insanların tamah saldığı dünya nemətləri axirətdəkilərlə müqayisədə dəyərsiz və saxtadır.

SAXTA DÜNYAYA ALDANANLAR HƏMİŞƏ SIXINTI İÇİNDƏDİRLƏR

İnsanların həyatı boyu qarşılaşdığı hər hadisə, eşitdiyi hər söz, gördüyü hər şey ancaq Allah`ın izni ilə yaradılır. Bu həqiqəti bilmək və bunun rahatlığını yaşamaq imanın gətirdiyi gözəlliklərdən biridir. Allah`ın kainatdakı bütün varlıqlar üzərindəki hakimiyyətini, Rəbbimizin onun üçün daim ən doğru, ən gözəl və ən xeyirli olanı yaradacağını bilən insanlar təvəkküllü olurlar. Bu səbəbdən, həmişə rahat və sakitdirlər. Allah`ın hər şeyi müəyyən edilmiş qədərdə xeyir və hikmətlə yaratdığını bilir, hər işlərində güvənlə hərəkət edirlər. İman gətirənlərin bu təvəkkülü bir ayədə belə bildirilir:
De: “Allah`ın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim himayədarımızdır. Qoy möminlər Allah`a təvəkkül etsinlər!”  (Tövbə surəsi, 51)
Hər şeyin Allah`ın nəzarətində olduğunu bilən mömin başına nə gəlirsə-gəlsin, heç bir sıxıntıya və çətinliyə düşməz. Hər zaman hadisələrin xeyirli yönlərini görməyə çalışar. İnsanın bütün həyatı boyu yaşayacağı, düşünəcəyi, söyləyəcəyi hər şey hələ o doğulmadan əvvəl Allah qatında kiçik detalına qədər bəllidir. İnsan onun üçün yazılan bu hadisələrlə zaman gəldikcə qarşılaşır və onları yaşayır. Qədərində hər şeyin xeyirlə nəticələnək şəkildə yaradıldığını bildiyindən həmişə təvəkküllü olur, özünü rahat hiss edir. Allah Quranda belə bildirir:
Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, yazıda olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Allah bunu) əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə sevinməyəsiniz deyə (belə izah edir). Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Hədid surəsi, 22-23)
Bu həqiqətləri qavramayanlar isə yaşadığı keçici dünya malına aldanaraq özlərinə zülm edirlər. Hadisələrin Allah`ın nəzarətindən kənarda reallaşdığını düşünərək bunlara müdaxilə etməyin yollarını axtararlar. Hadisələrin zahirən tərs getməsi kimi görünməsi, əleyhlərinə olması bu şəxslər üçün üzüntü qaynağıdır. Bu yanlış inanclarından dolayı, daim stressli olurlar. Kiçik bir hadisədə yuxuları qaçır, əsəbləri korlanır, fiziki və mənəvi cəhətdən zərər görürlər. Sıxıntıdan qurtulmaq üçün müxtəlif vasitələrə əl atırlar; bəzən əyləncələrə qatılır, bəzən heç düşünməyərək rahat olmağa çalışırlar. Halbuki, bu, qəlblərinə əsl rahatlığı və xoşbəxtliyi verə bilməz. Çünki Allah bir ayədə “Bunlar, iman gətirənlər və qəlbləri Allah`ı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allah`ı zikr etməklə rahatlıq tapır” (Rəd surəsi, 28) sözləri ilə bildirdiyi kimi, insan ancaq Allah`a yönəlib Onun istədiyi əxlaqı yaşadıqda rahat ola bilər.
Allah insanlara dünya həyatının sıxıntılarından qurtulmağın və əsl xoşbəxtliyi yaşamağın yolunu göstərdiyi halda, bilə-bilə bundan üz çevirənlər yalnızözlərinə zülm edirlər. Allah bu insanların vəziyyətini bir ayədə belə bildirir:
Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər. (Yunis surəsi, 44)
Rahat və sakit olmaq, stress və sıxıntıdan qurtulub nəşələnmək üçün yanlış düşüncələri mənimsəyənlər bu dünyada arzu etdiklərini yaşamadıqları kimi, axirətdə də hüznə uğrayacaqlar. Bu insanlar Allah`ın yolunu seçmədikləri üçün arxasınca qaçdıqları şeylər axirətdə onların tələfatını artıracaq:
Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm etdilər. Rəbbinin əmri gəldikdə Allah`dan başqa çağırdıqları bütlər onları heç nədən qurtara bilmədilər. (Bütlər) onların ancaq tələfatını artırdı. (Hud surəsi, 101)
Unutmaq olmaz ki, Allah Quranın bir çox ayəsində insanları bağışlayan və tövbələri qəbul edən olduğunu bildirmişdir. Bir insan bu həqiqətlərin fərqinə varana qədər ömrü boyu bir çox səhv edə bilər. Vacib olan şey isə yanlış yolda olduğunu qavraması, tövbə etməsi və Rəbbimizin bildirdiyi gözəl əxlaqı yaşamağa çalışmasıdır. Quranda hz.Salehin qövmünə müraciətində insanların Allah`ın rizasını qazanmaq üçün nə edəcəkləri belə bildirilir:
Səmud qövmünə də qardaşları Salehi (göndərdik). O dedi: “Ey qövmüm! Allah`a ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. O, sizi torpaqdan yaratdı və sizi orada sakin etdi. Elə isə ondan bağışlanma diləyin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim yaxındır, (çağırışa) cavab verəndir”. (Hud surəsi, 61)
Rəbbimiz dua edənin duasına cavab verəcəyini bir Quran ayəsində belə xəbər verir:
Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.  (Bəqərə surəsi, 186)

MÖMİNİN HƏR ANI XEYİR VƏ GÖZƏLLİKDİR

APARICI:“Xalq arasında “Səbir kasam daşdı, səbrim daşdı” kimi ifadələr işlədilir. Bu cür ifadələri işlətmək düzgündürmü? Güngör Savaş, İzmir”.
ADNAN OKTAR: Mömin təvəkküllü olacaq. Səbir kasası daşdı demək “mən imandan çıxdım” mənasına gəlir. Elə şey olarmı? Yəni “mən qədərin nəzarətində deyiləm, hər şeyi mən edirəm” mənasını verir. Əgər qədərin içindədirsə, qədərdə hadisələr mükəmməl gedir. Çox gözəl gedir və onun üçün olan ən xeyirli olur. Yəni, məsələn, deyir ki, bu, xeyirli deyil. Sən hardan bilirsən xeyirsiz olduğunu? Mütləq xeyirlidir. Məsələn, başına bir iş gəlir, xeyirlidir. Məsələn, deyir ki, artıq bezdim, edəcək bir şeyim qalmadı, çarəm qalmadı. Bu, küfr ifadəsidir. Müsəlman bunu söyləməz. Çünki doğrusu xeyirlə gəlir, xeyir davam edir, yenə Allah`dan xeyir umduğunu deyəcək mömin. Xeyir davam edəcək. Çünki nəticədə, Allah`ın rizasını istəmirmi mömin? İstəyir. Qardaşım, sən cənnətə getdikdən sonra sənə nə çətin gəlir? Sən Allah`ın rizasını istə, sənə nə. Sən Allah`ın rizasını qazandınmı, dünyalar sənindir. Sən onu yaradana tam bağlanıb: “Ya Rəbbi, sən bu ana qədər xeyir etdin, həmişə xeyir yaratdın, bundan sonra səndən xeyir umuram, sağımı xeyirlə doldur, solumu da, hər tərəfimi xeyirlə doldur”, -deyəcək mömin. “Hər yerim xeyir olsun”, -deyəcək, İnşaAllah. Mömin Allah`dan həmişə xeyir gözləyəcək. Xeyirdən başqa bir şey olmaz mömində. Keçmişi də xeyirdir, gələcəyi də xeyirdir, yaşadığı an da xeyirdir. Xeyirsiz bir şey olmaz. Xeyirə qarşı, xeyirli olana qarşı üsyan küfrdür. Yəni müsəlmanın edəcəyi bir şey deyil. (Adnan Oktarın Tempo TV müsahibəsi, 17 mart 2009)

BOŞ YERƏ ÇALIŞIB YORULURLAR

Hər insan dünya həyatında özünə görə müvəffəqiyyət əldə etməyə çalışır. Maraqlandıqları mövzular bir-birindən xeyli fərqlənsə də, insanların hamısının ortaq xüsusiyyətləri vardır: cəhd və əməklərinin əvəzini almaq... Dünya həyatını məqsəd edib axirətə önəm verməyənlər dünyadakı cəhdlərinin əvəzini görməyin onun uğrunda yaşadıqları bütün sıxıntılara dəyəcəyinə inanırlar.
Halbuki, bu insanların əhəmiyyət vermədiyi vacib bir məsələ var: Allah`ın rizası. Bir işi və onunla bağlı olan nəticəni dəyərli edən Allah`ın o şəxsdən razı olmasıdır. Allah`ın rizasını düşünmədən bir işə cəhd etmək və ya uğur qazanmaq eynilə dünya həyatı kimi keçicidir, dünyadakı hər şey kimi bir gün yox olacaq. Bu səbəbdən, Allah inkarçıların dünyadakı cəhdini və gördüyü işləri ilğıma bənzətmişdir. Onlar axirətdə (Allah`ın diləməsindən başqa) dünyadakı əməllərinin boşa çıxdığını görəcəklər:
Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O, öz yanında Allah`ı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir.  (Nur surəsi, 39)
Göründüyü kimi, bir şəxs Allah`ın rizasını güdmədən dünyalıq bir işi görərsə, Allah qatında bunun dəyəri olmaya bilər. Allah rizası üçün yaşamadıqca ətrafı bəyənsə də, yaxud yaxşı adam kimi tanınsa da, yenə əməlləri boşa gedər. Allah yaxşı işlər gördüyünü zənn edən bəzi insanların axirətdəki vəziyyətini Quranda belə bildirir:
O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. (Kəhf surəsi, 104)
İnsanın həvəslə bağlandığı şeylərin axirət nemətləri ilə müqayisədə çox dəyərsiz olduğunu öldükdən sonra anlaması sonsuz peşmanlığa səbəb olacaq. Həyatı boyu göstərdiyi cəhdin boşa getdiyini öyrənməsi bu üzüntüsünü sonsuzadək davam edən hüsrana çevirəcək. Allah bu insanların axirətdəki vəziyyətini belə bildirir:
Onlar axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar. (Hud surəsi, 16)
Şübhəsiz, ömrü boyu göstərdiyi cəhdin puç olmasını heç kim istəməz. Bunun çıxış yolu insanın keçici dünya həyatı üçün deyil, sonsuz axirət həyatı üçün cəhd göstərməsidir. Əgər insan hər işində Allah`ın rizasını qazanmağı istəyərsə, bütün cəhdini Rəbbimizin bəyəndiyi əxlaqı yaşamaq üçün sərf edərsə, kiçik yaxşılığın belə əvəzini almağı uma bilər. Allah bir ayəsində hz.Loğmanın oğluna verdiyi nəsihəti belə bildirir:
(Loğman dedi:) “Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, xəbərdardır.  (Loğman surəsi, 16)
Allah bir başqa ayəsində isə iman gətirənlərin yaxşı əməllərinə Öz lütfündən də artıracağını bildirmişdir:
İman gətirib xeyirxah işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tam verəcək və Öz lütfündən onlar üçün (istədiyi qədər) artıracaqdır. (Allah`a ibadət etməyi) özlərinə ar bilənlərə və təkəbbürlük göstərənlərə gəlincə, (Allah) onları üzücü bir əzaba düçar edəcəkdir. Onlar Allah`dan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar. (Nisa surəsi, 173)
Elə isə yanlış yoldakı insan belə günlə qarşılaşmadan əvvəl tövbə edib Rəbbimizə yönəlməlidir:
Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz (günahlarınızı) inkar edə bilməyəcəksiniz. (Şura surəsi, 47)

ALLAH SEVGİSİ OLMASA, DÜNYA CƏHƏNNƏMƏ DÖNƏR

ADNAN OKTAR: Məsələn, iş yerlərində o qız uşaqları axşama qədər ayaq üstədirlər. Mənim iş yerim olsa, vicdanım buna dözməz. Qız uşaqlarını ayaq üstə saatlarla saxlamaq nə deməkdir? 8 saat ayaq üstə dururlar. Bir saat belə ayaq üstə durmaq çətindir. 8 saat ayaq üstə durmaq olarmı? Sonu yoxdur bir də, 20 il, 25 il sonra da təqaüdçü olurlar. Ondan sonra o insan nə olur? Kiçik 3-5 metrlik bir dükan onun 1,5-2 metrlik yerində ömür boyu ayaq üstə durmaq, bir boşqab yemək üçün. Onun üçün iş yerlərinin, hər yerin, inşaAllah, Allah sevgisi ilə, Allah coşqusu ilə dolacağı günlər gələcək, inşaAllah. O zaman insanlar hər yerdə xoşbəxt olacaqlar. Məsələn, mən görürəm, iş yerləri beton məzar kimidir. Beton evlər, hər yer iş yeri olub, axşama qədər işləyirlər insanlar. Əyilib işləyirlər. Sevgi görmürlər, şəfqət görmürlər, mərhəmət görmürlər, dostluq görmürlər, bir çox yerdə belədir. Avtobusa minib iş yerinə gedir sübh tezdən, axşama qədər işləyir beton daxmanın içində. Axşam yenə maşına minib, yenə eyni evə gedir, yemək yeyir, başını qoyub yatır. Yenə qalxır… Bu hadisə minlərlə dəfə təkrarlanır, eyni hadisə və sonda təqaüdçü olur, axırda da ölür. Belə həyat olar? Bu, çox qorxunc bir şeydir, kabusdur yəni; cəhənnəmdə də dar otaqlar var, cəhənnəmi dünyaya gətirmiş kimi bir şeydir. Cəhənnəmi ortadan qaldıran şey dünyada Allah sevgisidir. Yoxsa dünya cəhənnəmə dönər. Dünyada cənnət xüsusiyyətləri də var, cəhənnəm xüsusiyyətləri də, yarı yarıyadır dünyada. Cəhənnəm 50 faiz, cənnət də 50 faizdir. O 50 faizin təmizlənməsi üçün Allah sevgisi lazımdır. Allah`a qarşı coşqulu iman. Qürur və təkəbbür olmamalıdır, şəfqət, mərhəmət olmalıdır. Hörmət etmək və dəyər vermək. Dəyər vermək çox zövqlü bir şeydir. Amma dəyər vermək üçün dəyər veriləcək insan olmalıdır. Dəyər verilməyəcək insana necə dəyər verəcəksən, yəni beynin qəbul etməz. “Hə dəyər verək”, -deməklə olmur ki. Hörmət etmək istəyərsən, amma necə hörmət edəcəksən. Hörmətə layiq yönü yoxdursa. Əvvəlcə hörmətə layiq yönü olmalıdır, dəyər veriləcək yönü olmalıdır, insan da təbii ki, dəyər verib hörmət etməlidir. (Adnan Oktarın Kocaeli TV müsahibəsindən, 20 yanvar 2009)

ALLAH İNKARÇILARA HƏM DÜNYADA, HƏM DƏ AXİRƏTDƏ ƏZAB VERƏR

Dünyanın saxta üzünə aldananlar sadəcə axirətdə deyil, dünyada da Allah`ın diləməsi ilə bu səhvlərinin əvəzini görürlər. Quran əxlaqını yaşamayan insan dünyanın ən varlı və ya ən savadlı insanı olsa da, çox vaxt sahib olduğu bu xüsusiyyətlərin heç biri ona xoşbəxtlik gətirmir. İnkar etdiklərinə görə, Allah hər an bu insanların qəlbinə sıxıntı və narahatlıq verir. Nəfsinə xoş gələn bir çox nemətlə yaşadığı halda, bunların heç birindən əsl mənada zövq almırlar. Nə qədər xoşbəxt və rahat görünsələr də, bu, aldadıcı olur.
İnkarçıların sıxıntısı həyatlarının hər sahəsinə yayılmışdır. Allah`ın qüdrətini təqdir etməmələri, qədəri düşünüb hadisələrə xeyir gözü ilə baxmamaları, gözəl əxlaq göstərməmələri onları çətin həyata sürükləyir. Üstəlik, Quran əxlaqının insanlara necə mükəmməl və rahat həyat verdiyini qavramadıqları üçün dünyadakı hər insanın özləri kimi eyni sıxıntı içində yaşadığını düşünürlər. Halbuki, onların yaşadığı sıxıntı tamamilə imani pozuntudan qaynaqlanır. Allah Quranda doğru yoldan azanlar üçün inkar etdiklərinə görə dünya həyatında da əzab olduğunu bildirmişdir:
... Allah kimi azdırsa, onu doğru yola yönəldən olmaz. Onlara dünya həyatında əzab vardır. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allah`dan qoruyan olmaz.  (Rəd surəsi, 33-34)
Allah`ın gözəl yaşamaq üçün endirdiyi haqq dindən üz çevirən insanların həyatına baxdığımız zaman bu sıxıntının nə qədər əhatəli və təsirli olduğu daha açıq şəkildə ortaya çıxır. Bu şəxslərin çoxunun uşaqlıq illərindən etibarən ən böyük xəyalları çox pul qazanıb varlı olmaq və bunu istədikləri kimi xərcləməkdir. Bu, onlar üçün elə vacibdir ki, məqsədlərinə çatmaq üçün lazım gəldikdə hər cür fədakarlıq edə bilirlər. Tələbəlik illəri sona çatıb həyati məsuliyyətlərlə üzləşəndə çətinliklərlə qarşılaşmalı olduqlarını düşünürlər.
İnsanlara ruzini verənin Allah olduğunu, nemətini dilədiyinə verib, dilədiyinə qısdığını düşünmədikləri üçün var-dövlət, məqam kimi keçici dəyərləri əldə etmək üçün özlərini üzürlər. Bu yolda çox vaxt sevdiyi şeylərdən keçmək məcburiyyətində qalırlar. Bir çox narahatlıq və sıxıntıdan sonra onları xoşbəxt edəcəyini düşündükləri dünyanın saxta bəzəyini bəlkə əldə edərlər, amma nəticə yenə də eynidir. İstəklərinə çatmaq üçün sıxıntı ilə yanaşı, bir də bunları itirməyə qorxurlar. Daim güzərandan, sahib ola bilmədiyi şeylərdən şikayətlənirlər. Özlərindən daha varlı, daha mədəni, daha qabiliyyətli, daha gözəl birini görmək belə əhvallarının pozulmasına kifayət edir.
Sıxıntılarını gizlətməyə və bundan qurtulub sevinməyə, əylənməyə çalışırlar. Hərdən keçici və səthi olaraq sevinirlər. Belə vaxtlarda kənardan xoşbəxt görünürlər, lakin bu, həmişə olmur. Narahatlıq və gizlin yaşadığı qorxular onlara daim psixoloji təsir edir. Narahatlıq keçib-getsə də, Allah`a təvəkkül etmədikləri üçün başqa bir hadisə onları yenə sıxıntıya salır. Ticarətlə məşğul olan birisi gülərkən borcunu xatırlaması, tələbənin kəsirini düşünməsi, yaxınını itirən adamın onu yada salması, yaşlının gənclik illərini xatırlaması və ya ölümə daha da yaxınlaşdığını hiss etməsi bir anda kədərlə səbəb olur.
Bu insanların varlı-kasıb, cavan-yaşlı, gözəl və ya çirkin olmaları da bu vəziyyəti dəyişdirmir. Axşama kimi ağır işlər görən də, heç bir məsuliyyəti olmayıb güzəranı yaxşı olan da eyni mövqedə olur. Ətraf insanlardan həqiqi sevgi və şəfqət görmürlər və buna görə çox sıxılırlar. Hər gün eyni işi görməkdən və bunun bitməyəcəyindən bezirlər. Həyatın nə qədər monoton və mənasız olması və bundan çıxış yolunun olmaması onları çox narahat edir.
Bu insanlar Allah`a iman gətirmədiyi, Allah`ı coşqunluqla ilə sevmədiyi və Allah`dan qorxub-çəkinmədiyi müddət boyu sıxıntı və narahatlıqdan xilas ola bilməyəcəklər. Bununla belə, yenə də çıxış yolunu Allah`a sığınmaqda və Onun göstərdiyi yolda görmürlər. Yaşadığı həyata alışmağa çalışır, sıxıntını həyatın bir hissəsi kimi qəbul edirlər.
Həqiqətdə isə Allah bu sıxıntı ilə onlara inkar etdiklərinə görə dünyada ikən əzab verir. Əsl həyat olan axirətə əhəmiyyət verməyib dünyanın saxta gözəlliklərinə üz tutduqlarına görə sıxıntı onlar üçün daimidir.
Quranda “Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər!” (Zumər surəsi, 26)ayəsi ilə bildirildiyi kimi, axirətdə onları bundan daha böyük əzab gözləyir. Dünya həyatında ikən yalan hesab etdikləri axirətin və axirət əzabının həqiqi olmasını orda təsdiq edəcəklər, amma bu, onlara bir fayda verməyəcək və Allah`ın lənəti və əzabı ilə qarşılıq görəcəklər:
Cənnət əhli od sakinlərini səsləyib deyəcəklər: “Biz Rəbbimizin bizə vəd etdiyini həqiqətən gördük. Siz də Rəbbimizin sizə vəd etdiyini gerçəkdən gördünüzmü?” Onlar: “Bəli!”– deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: : “Allah`ın lənəti olsun zalımlara! O kəslərə ki, (insanları) Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər.” (Əraf surəsi, 44-45)

SAXTA DÜNYANIN SAXTA DƏYƏRLƏRİ

Axirəti unudub dünyanı yeganə yaşayış yeri kimi düşünən insanlar özlərinə Quran əxlaqından uzaq əxlaqi sistem qurublar. Bu insanlar bəzi vaxtlar Quranda əmr olunanlara uyğun davranırmış kimi görünürlər, lakin bunları belə dünyəvi həvəslə edirlər. Məsələn, bu ziddiyyətli düşüncədə olanlar dürüstlük, səmimiyyət, köməklik, fədakarlıq və ya sədaqətə sahib olmağı bəzən çevrəsinə xoş görünməyin, yaxud mövqe tutmağın yolu kimi görürlər. Lakin hərəkətləri sünidir və dünyəvi mənfəət üçün olduğundan keçicidir. Dostlarına qarşı fədakar olan biri mənfəətinin olmadığını anladıqda birdən-birə kibirli və eqoist olur.  
Bundan başqa, cahiliyyə əxlaqını daşıyan insanlar davamlı mənfəət güdürlər. Görəcəkləri işdən əvvəl: “Görəsən, bunu etsəm, kim nə deyər, barəmdə nə düşünərlər, bundan nə qazanacam?” –deyə götür-qoy edirlər. Bu, onların Allah rizasını deyil, çevrəsinin etibarını qazanmaq istədiklərini büruzə edir. Bu vəziyyətdə, sevgi, səmimiyyət, dostluq, mərhəmət, səbir kimi xüsusiyyətlər davamlı olmur. Bunların əsli deyil, saxtası yaşanır. Sadəcə dünya həyatına üz tutan cahil insanların saxta dəyərlərinə əsaslanan keçici hisslər yaşanır.

Sevgi

Allah bir çox duyğu kimi insanların qəlbinə sevgi hissini də yerləşdirmişdir. İnsanın etməli olduğu bu xüsusiyyətini Allah`ın Quranda verdiyi öyüdlərə görə yönləndirməsidir. Möminlər Quranı rəhbər tutduğu üçün özlərini və sahib olduqları bütün nemətləri yaradan Rəbbimizə və Onun rizasını axtaran möminlərə sevgi göstərirlər.
Dünya həyatının bəzəyinə aldananlar isə Allah`ın imtahan üçün verdiyi nemətləri hərisliklə sevirlər, məsələn, insanları Allah`ı sevdikləri kimi sevirlər.Allah Quranda inkarçıların bu yanlış sevgi anlayışını belə bildirir:
İnsanlardan elələri də vardır ki, Allah`dan qeyrilərini (Ona) tay tutur, onları da Allah`ı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allah`a olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allah`a məxsus olduğunu və Allah`ın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə surəsi, 165)
İnkarçıların yanlış sevgi anlayışlarından biri də dünya malıdır. Dünya malına olan sevgidən yana nəfslərinin istəklərinə tabe olurlar. Quranda onların bu vəziyyəti belə bildirilir:
Həqiqətən, o, var-dövlətə çox hərisdir. (Adiyat surəsi, 8)
Odur ki, Allah Quran ayələri ilə insanlara malın yalnız dünya həyatının bir imtahanı olduğunu bildirmiş və bu həvəsə qarşı insanları xəbərdar etmişdir:
Bilin ki, var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah dərgahındadır. (Ənfal surəsi, 28)
Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allah`ın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır.  (Munafiqun surəsi, 9)
Bu həqiqətlərdən xəbərdar olan möminlər mal sevgisinə düşməzlər. Sahib olduqları nemətləri onlara lütf edənin Allah olduğunu bildikləri üçün bu, onların Rəbbimizə şükür etməyinə vəsilə olur. Onlara verilən maddi imkanları Allah rizası üçün xeyirli işlərə sərf edir, daha çoxuna sahib olmağı da yenə xeyirli işlər üçün diləyirlər. Allah`ın böyük xəzinələr lütf etdiyi hz.Süleymanın (əs) bu nemətləri hansı məqsədlə istədiyi ayədə belə bildirilmişdir:
O da demişdi ki: “Həqiqətən mən mal (və ya at) sevgisini Rəbbimi zikr etməkdən ötrü seçdim” ... (Sad surəsi, 32)
Şübhəsiz ki, hz.Süleymanın bu üstün əxlaqı iman edənlərin dünya həyatının nemətlərinə necə baxacağını bizlərə göstərir. İnsan özünü hər an qoruyan və ona hədsiz nemətlər verən Rəbbimizə sevgi göstərməlidir.
Quran əxlaqından uzaq insanların sevgisinin saxta olduğunu göstərən ən əhəmiyyətli şeylərdən biri dost seçimidir. Axirətin varlığını düşünmədən yaşayanların dostluğu dünyada qarşılıqlı şəkildə ən çox mənfəət təmin etmək üzərinə qurulur. Hər iki tərəfin bir-birində axtardığı müəyyən xüsusiyyətlər olur. Özünə maddi-mənəvi müxtəlif mənfəətlər verən və cəmiyyətdə özünə hörmət qazandıran bir dost axtarırlar.
Seçdiyi adamın fiziki görünüşünə, ailə durumuna, maddi gücünə, təhsilinə və s. önəm verirlər. Sevgi, hörmət, vəfa kimi gözəl əxlaq xüsusiyyətləri isə çox vaxt arxa planda olur. Bu məntiqlə qurulan dostluqda, əlbəttə, gerçək sevgi və hörmət olmadığından həqiqi xoşbəxtlik də yaşanmır. Bu vəziyyət Quran əxlaqından uzaq olanların evlilik anlayışı üçün də əsaslıdır. Evlilik həyatında da dostluqdakı kimi qarşılıqlı mənfəət əlaqəsi olur.
İman edən bir insan üçün isə bunun tam əksi əsasdır. Allah`a inanan bir insan qarşısındakı insanı Allah`a olan imanı, bağlılığı, gözəl əxlaqı ölçüsündə sevir. Onunla dünyəvi mənfəətləri üçün və keçici olaraq dost olmur. Onu sonsuzadək və Allah`ın rizasına uyğun sevməyi ümid edir. Allah axirətdə bu insanları zövcələri ilə birlikdə mükafatlandıracağını belə xəbər vermişdir:
Həqiqətən də Cənnət əhli həmin gün nemətlər içində kef çəkəcək. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. (Yasin surəsi, 55-56)
Ey qullarım! Həmin gün sizə qorxu yoxdur və siz heç kədərlənməyəcəksiniz də. Siz ayələrimizə iman gətirib müsəlman olmusunuz. Siz də, zövcələriniz də fərəhlə Cənnətə daxil olun! Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaqdır. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız. Əməllərinizin nəticəsi kimi varis olduğunuz Cənnət budur. (Zuxruf surəsi, 68-72)

İNKARÇILAR SƏMİMİ SEVGİNİN GÜCÜNÜ BİLMƏZ

ADNAN OKTAR: Bir müsəlman qadın hər şeydən öncə Allah`dan çox qorxmalıdır. Allah`ı çox sevməli və Allah`a dəli aşiq kimi bağlanmalıdır. Quran hökmlərinə və Quran əxlaqına çox ciddi yanaşmalıdır və çox iffətli olmalıdır. Belə bir qadında Allah özəl bir nur, özəl bir təsirlilik və güclü istəyə açıqlıq meydana gətirir. Yəni onun ruhunda bir qadın gücü vardır və bu, ortaya çıxar. Qadın əti və sümüyü ilə qadın olmaz. Yəni o, bir ət yığını kimi olar, başqa heç nə olmaz. Lakin gözəl əxlaqı və təqvası ilə, Allah`a olan yaxınlığı ilə dərinləşərsə, Allah onun ruhundakı qadını ortaya çıxarar. O, özü kimi ağlı başında, dindar, Allah`dan qorxan mömin kişi ilə qarşılaşanda Allah o mömin kişini xüsusi olaraq ondan təsirlənəcək şəkildə yaratmışdır. Çünki mömin kişidə də ona qarşı təsir edəcək xüsusi kişi ruhu ortaya çıxar və Allah ondan çox təsirlənməsini təmin edər. Yoxsa kişi də ət-sümüklə kişi olmaz. Yəni ət yığını olar, başqa heç nə olmaz. Bilirsiniz, ət dükanında çoxlu ət olur. İnsan gözəl əxlaqı ilə, Allah eşqi ilə, Allah`a olan bağlılığı ilə insan olur. Belə vəziyyətdə Allah bunun sirrini də açıqlamışdır. “Mömin kişilər mömin qadınlara, mömin qadınlar da mömin kişilərə”, -deyir. Allah onların ruhundakı gerçək bağlılığı bir-biri ilə qarşılaşdırır. Onda qadın və kişi heyrətverici təsir gücü qazanarlar. Yəni tərifi mümkün olmayan altıncı bir hissə girərlər. Sadəcə möminlər bunu bilirlər. Məsələn, dini və Allah`ı tanımayan bir insana bunu açıqlasan, heç bir şəkildə bunu anlamaz. Lakin bütün insanlarda bu instinkt olaraq vardır. Buna görə də, filmlərdə eşqdən, bağlılıqdan bəhs edirlər. Lakin bir çoxu bunu heç anlamaz. Sadəcə anlamağa çalışar. Ona beynində gizli bir heyranlıq vardır, amma tapa bilməz, onun nə olduğunu heç cür tapa bilməz. Məsələn, qadın evlənəndə axtardığı şeylər olur. Birinci pulu, birinci növbədə maddi durumu. Sonra təhsili, daha sonra mövqeyinin, maşınının və bağ evinin olması kimi xüsusiyyətləri axtarır. Bunu axtaranda onda Allah ona bağlılıq verməz. O evin ona heç bir faydası olmaz. Məsələn, ev ona saray kimi bomboş görünər. Yəni heç bir təsiri olmaz. Maşın da sadəcə onu bir yerdən başqa yerə aparan dəmir yığını kimi olar. Bunlar Allah sevgisi və Allah eşqi ilə məna qazanan şeylədir. Dolayısilə, Peyğəmbərimiz (səv) deyir ki, malı üçün evlənən malından, gözəlliyi üçün evlənən gözəlliyindən məhrum olar. Məsələn, bir gün qrip olar, bir anda diksinər. İnsan heç ummadığı şeydən belə diksinər. Məsələn, onun aciz bir halını görüb iyrənə bilər və ondan bir daha xilas ola bilməz. İnsan zəif varlıqdır. Lakin Allah eşqi ilə sevəndə Allah`ın təcəllisini sevdiyi üçün və Allah da sonsuz güc sahibi olduğu üçün, sonsuz gözəl olduğu üçün, o sonsuz gözəllik və mükəmməlliyə qarşı heyranlığın təzahürü olaraq insana baxdığı üçün əsla yox olmayan sevgiyə sahib olur. Bu bağlılıq getdikcə dərinləşir və insan bundan çox təsirlənir, bununla xoşbəxt olur. Bunun xaricində ev də, maşın da adama sıxıcı gəlir. Qadının gözəlliyi də evlənən kişiyə sıxıcı gəlir. Bundan insan qurtula bilməz, Allah`ın qoyduğu bir qanundur. Sadəcə dərin sevən insanların xüsusiyyətidir bu. Bu da Allah eşqi ilə sevəndə ortaya çıxır, başqa cür olmur.
APARICI: Bəs pulun xoşbəxtlik gətirdiyinə inanırsınızmı?
ADNAN OKTAR:  Pul elə insanlarda, əksinə, sıxıntı yaradır. Çünki pulu qorumaq üçün daha çox tədbir görməlidir. Məsələn: “Çeklərim ödənmədi”, - deyir; ona görə əzab çəkir. Pulu banka qoyur: “Bank müflisləşsə, nə edəcəyik”, -deyir; yastığın altına qoyur, yenə olmur; küpə qoyur: “Küpü tapsalar”, - deyir. Yəni canını çox yandırır, çox narahat olur. Ancaq Allah eşqi ilə insan rahatlıq tapar, təvəkküllü və rahat olar. Yəni pul artdıqca insanların bir çoxunda narahatlıq və acı da artır. Bunu çöldə, xarici aləmdə də görürük, bir çox hadisələr vardır, tək-tək nümunələr gətirmək istəmirəm, amma insanlar bunu ətrafda çox görürlər. (Cənab Adnan Oktarın reportajlarından, Kaçkar TV, 29 yanvar, 2009)

Yaxşlıq

Quran əxlaqından uzaq yaşayan cəmiyyətlərdə yaxşılıq anlayışı haqqında hər insanın özünə görə fərqli düşüncəsi vardır. Halbuki, Allah Quranda yaxşılığın gerçək mənasını insanlara belə bildirir:
Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allah`a, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə, döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)
... Lakin yaxşı əməl (sahibi) Allah`dan qorxan şəxsdir... (Bəqərə surəsi, 189)
Quran əxlaqından xəbərsiz yaşayan bəzi insanların özlərini yaxşı insan və ya təmiz qəlbli göstərmə cəhdi, əsasən, öz vicdanlarını rahatlatmağa və insanların təqdirini qazanmağa yönəlmiş hərəkətlərdir. Bu insanlar birisinə yaxşılıq edəndə bunun qarşılığında nə əldə edəcəyini düşünürlər. Köməyə ehtiyacı olan adamın maddi durumu yaxşıdırsa, ondan sonralar mənfəət əldə etmək üçün tez hərəkətə keçirlər. Ətrafında elə də sözü keçən birisi olmadıqda isə tez hesab aparırlar. Belə vəziyyətdə kömək etməkdə çətinlik çəkirlər. Çünki qarşılığında heç bir şey almayacaqlar. Buna görə, bunu istəksiz olaraq edərlər və ya heç etməzlər.
Bununla yanaşı, bəziləri Allah rizası üçün deyil, insanlardan və ya dünya həyatının mənfəətlərindən daha çox yararlanmaq məqsədilə yaxşılıq edirlər. Halbuki, imanlı insan yaxşılığı qarşılığını ancaq Allah`dan umaraq ixlasla edər. Hər bir hərəkətində olduğu kimi, yaxşılıq edərkən də məqsədi təkcə Allah`ın rizasını qazanmaqdır. Rəbbimiz bu ixlaslı əməllərə qarşılıq olaraq möminlərin etdiklərinin 'daha gözəli və artığı ' olacağını bildirmişdir:
Kim yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz. (Ənam surəsi, 160)
De: “Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq gözləyir.   Allah`ın yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir”.  (Zumər surəsi, 10)
Yaxşı iş görənlər üçün ən yaxşısı və bundan da üstünü vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar.  (Yunis surəsi, 26)
Göylərdə və yerdə nə varsa, Allah`ındır. (Bu, Allah`ın) pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə mükafatlandırması üçündür. (Nəcm surəsi, 31)

Dostluq

Allah Quranın “Kim mərhəmətli (Allah`ın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar” (Zuxruf surəsi, 36) ayəsi ilə Allah`ın dinindən üz çevirənlərin şeytanın dostuna çevrildiklərini bildirir. Bir başqa ayədə isə bu həqiqət “Həqiqətən, Biz şeytanları iman gətirməyənlərin dostları etdik” (Əraf surəsi, 27) sözləri ilə xəbər verilmişdir. Şeytan dost olduğu şəxsləri öz təsirinə salır və onları öz çirkin əxlaqına uyğun yönləndirir.
Allah`ın rizası əvəzinə şeytanın dostluğunu qazanan insanlar Allah`ın bir çox nemətlərindən məhrum olurlar. Bu itkilərdən biri heç kimlə gerçək mənada dost ola bilməmələridir. Dostluq Allah`ı özünə dost edənlərə Rəbbimizin verdiyi nemətdir. Quranda “Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allah`a) boyun əyərək namaz qılır və zəkat verirlər” (Maidə surəsi, 55) ayəsi ilə xəbər verildiyi kimi, Allah bu insanlara saleh möminlərin dostluğunu nəsib edir.
Şeytanın dostluğu isə insanı daima tək buraxır. Çünki şeytan dost olduğu adamlara yalanı, üsyanı, pisliyi, kin və nifrəti xoş göstərir. Şeytanın təsirində olan insan ətrafındakılara qarşı bu cür yanaşır. Ümumiyyətlə, ilk öncə ön mənfəətlərini düşünüb hərəkət edir. Daim özünü düşünür, ən yaxşı dostu da elə özüdür. Buna görə, həmin insanların Quranda nəzərdə tutulan mənada həqiqi və daimi dostluq qurması mümkün deyildir.
Quran əxlaqını yaşamayan cəmiyyətdə insanların kömək istəyəcəyi, mal-mülk kimi dəyərli əşyalarını, pulunu əmanət edəcəyi və yaxud sirr verə biləcəyi yaxın dost tapmaları çox çətindir. Bundan başqa, bu vəziyyətə o qədər öyrəşiblər ki, bunu sanki həyatın dəyişməz qanunu kimi görürlər.
Belə bir güvənsiz mühitdə insanların rahat və hüzurlu olması mümkün deyildir. Çünki dost kimi görünən adamlar, əslində, öz mənfəətlərini düşünürlər. Bu səbəbdən, qarşı tərəfə baxışları da dostluqdan çox uzaq olur. Bir-birinin işinə, maşınına, evinə, qısası, bütün imkanlarına qısqanclıqla baxır, onlardan üstün olmağa çalışırlar. Bunun üçün ən kiçik fürsəti belə qaçırmadan bir-birinin nöqsanlarını tapıb üstünlük etməyə cəhd edirlər.
Bu ziddiyyətli anlayışla hərəkət edənlər son dərəcə qeyri-səmimi mühitdə yaşadıqlarını və gerçək mənada heç kimlə dost olmadıqlarını bilirlər. Ancaq bunun həllini Allah`ın özləri üçün seçib bəyəndiyi Quran əxlaqını yaşamaqda axtarmadıqları üçün bu vəziyyətdən xilas ola bilmirlər. Doğru yola yönəlməyən bu insanların axirətdə də heç bir dostu olmayacaqdır. Dünyada yaşadıqları hüzursuz, güvənsiz mühit axirətdə daha artığı ilə qarşılarına çıxacaq. Dünya həyatında şeytana dost olanların axirətdəki vəziyyətini Rəbbimiz belə bildirir:
Bu gün burada onun üçün bir dost tapılmaz. (Haqqə surəsi, 35)
Onlar azğınlarla birlikdə oraya atılarlar,
İblisin bütün əsgərləri də habelə.
Onlar orada höcətləşərək deyərlər:
“Allah`a and olsun ki, biz açıq-aydın azğınlıq içində idik
o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq. Bizi ancaq günahkarlar azdırdı. İndi isə bizim nə şəfaətçilərimiz,
nə də canıyanan bir dostumuz var!  (Şüəra surəsi, 94-101)
İman edənlərin biri-biri ilə olan dostluğu isə çox möhkəm və daimidir. Çünki möminləri bir araya gətirən, onları bir-biri ilə dost edən Allah`a olan səmimi imanları və Allah qorxularıdır. Rəbbimizin bir ayəsində: “Hamınız Allah`ın ipindən möhkəm yapışın və parçalanmayın! Allah`ın sizə olan nemətini xatırlayın ki, siz düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz” (Ali-İmran surəsi, 103) sözləri ilə bildirdiyi kimi, iman edənlər bir-birinin qardaşıdır. Bundan dolayı, aralarındakı imana əsaslanan gerçək dostluq Allah`ın izni ilə həm dünyada, həm də axirətdə sonsuza qədər davam edəcək.
Allah`a və Elçisinə itaət edənlər Allah`ın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır. (Nisa surəsi, 69)

Səbir

Quran əxlaqını yaşamayan cəmiyyətlərdə hadisələrə ifrat dərəcədə reaksiyalar verməyib sakit davranmağı tərcih edənlər, ümumiyyətlə, səbirli adam kimi tanınırlar. Halbuki, bu adamlar da gözlənilməz hadisə ilə qarşılaşdıqda asanlıqla səbirsiz davranırlar. Hamının sakit və səbirli kimi tanıdığı birisi bir anda aqressiv və əsəbi hərəkətlər edə bilirlər. Çünki həqiqətdə göstərdikləri davranış saxta səbirdir, yəni təhəmmüldür.
Təhəmmül ilə səbir bir-birindən tamamilə ayrı anlayışlardır. Təhəmmülün müəyyən həddi vardır və bu, adamdan adama dəyişir. Bu hədd aşılanda adam da dəyişir və neqativ hərəkətlərə yol verilir. Səbir isə Allah qorxusundan qaynaqlanan, hadisə və şərtlərə görə dəyişməyən əxlaqi gözəllikdir. İnsanların sıxıntı və çətinliklər qarşısında səbir etməsi ancaq Allah`ın sonsuz gücünü qavramaqla və Onun yaratdığı hər hadisəyə xeyir gözü ilə baxıb təvəkkül etməklə mümkündür. Dolayısilə, gerçək səbir iman edənlərə xas bir özəllikdir və elə bir əxlaqdır ki, buna Quran əxlaqını yaşamayan şəxslərin gücü çatmaz.
Quranda möminlərin səbirli və təvəkküllü olduğuna belə diqqət çəkilmişdir:
(Onlar) səbirli olanlar və ancaq Rəbbinə təvəkkül edənlərdir.  (Nəhl surəsi, 42)
O kəslər ki, Rəbbinin üzünü diləyərək səbir edir...  (Rəd surəsi, 22)

Ədalət

Allah Quranda insanlar arasındakı üstünlüyün yalnız təqvaya əsaslandığını bildirmişdir (Hücurat surəsi, 13). İmanın, Allah qorxusunun və gözəl əxlaqın önəmli sayılmadığı cəmiyyətlərdə isə üstünlük ölçüsü çox fərqlidir. Bu adamlar üstünlüyü cəmiyyətin öndə gələnlərindən olmaqla və mal-mülk toplayıb şöhrətli sayılmaqla əldə ediləcəyini zənn edirlər. Bu düşüncə cəmiyyət fərdlərinin bir çoxu tərəfindən qəbul edildiyi üçün, ümumiyyətlə, çox mal-mülkü olmayanlar zəngin və çevrəsi geniş olanların yanında elə də söz sahibi olmazlar. Belə bir cəmiyyətdə insanların başqalarına göstərdiyi münasibətlər, aldığı qərarlar, hadisələri dəyərləndirmə şəkilləri, gəldiyi nəticələr həmişə bu baxış yönü ilə düz mütənasib olur. Dolayısilə, bu düşüncə ilə hərəkət edənlər arasında gerçək ədalət anlayışından bəhs etmək mümkün deyildir.
İmanlı insanlar arasında isə belə bir durumun olması mümkün deyildir. Həmişə Allah`ın Quranda bildirdiyi əxlaqa uyğun olaraq hərəkət edirlər. Bu səbəbdən, həmişə haqq və ədaləti ön planda tuturlar. İnsanları sahib olduğu dünyəvi dəyərlərə görə deyil, Allah`dan lazımi qədər qorxduqları və gözəl əxlaqları əsasında dəyərləndirirlər. Güclü, yaxud imkanlı olanın deyil, haqlı və haqdan yana olanın tərəfini tuturlar. Özlərinin və ya yaxınlarının əleyhində olsa belə, ədalətdən üz çevirmirlər. Dünyəvi ölçülərlə qərar vermir, Allah`ın əmr etdiyi şəkildə hərəkət edirlər. Allah ədalət mövzusundakı ölçünü Quranda belə bildirmişdir:
Ey iman gətirənlər! Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. Varlı və ya kasıb olmasından asılı olmayaraq, Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.  (Nisa surəsi, 135)

Nəticə:

Bu hissədə inkarçılarla əlaqəli yazılanlar dünya həyatını əsas alanların həyata qarşı zidd düşüncələrinin kiçik hissəsini əks etdirir. Bu insanların yaşayışlarındakı əsas məntiq həmişə təkcə dünya həyatının mənfəətlərini düşünərək hərəkət etmələridir. Axirətin varlığını və orada hansı vəziyyətlə qarşılaşacaqlarını isə heç bir şəkildə ağıllarına belə gətirmək istəmirlər. Onlara ölüm və axirətdən bəhs etdikdə isə, ümumiyyətlə, müxtəlif bəhanələrlə düşünməkdən qaçırlar. Bu dünyanın yalnız keçici imtahan yeri olduğunu və ailələrinin, evlərinin, maşınlarının, qısası, ətraflarındakı hər şeyin bu imtahanın bir parçası olduğunu başa düşmək istəmirlər. Çünki qəbul etsələr, artıq bu, keçici dünyaya boş yerə həvəs göstərdiklərini qəbul etmələri mənasına gəlir. Quranda bu insanların həqiqəti qəbul etməmək üçün axirəti inkar etdikləri belə bildirilir:
Bunlar mütləq deyəcəklər: “Bizim ancaq bircə ölümümüz var. Biz dirildilməyəcəyik. Əgər doğru deyirsinizsə, onda atalarımızı gətirin!” (Duxan surəsi, 34-36)
Bu insanlar axirətdə dünyada olarkən inkar etdikləri həqiqətlərlə qarşılaşdıqda böyük və geri dönüşü olmayan peşmançılıq çəkəcəklər. Allah inkarçıların axirətdə bu həqiqəti gördüklərində peşmançılıqlarını belə dilə gətirəcəklərini bildirmişdir:
Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq, alov (saçan) od sakinlərinin içində olmazdıq!” (Mülk surəsi, 10)
Ayədə bildirilən peşmanlığı yaşamamaq üçün hər insan ölümlə qarşılaşmadan öncə mütləq bu gerçəkləri düşünməli və həyatını Allah`ın razı olacağı şəkildə yönləndirməlidir. Yaşadığımız dünyanın keçici olduğunu qavramalı, həyatının hər anını bu şüurla dəyərləndirməlidir.
Peyğəmbərimiz (səv) bir hədisində axirət üçün hazırlıq görülməsinin əhəmiyyətini belə bildirmişdir:
“Ağıllı insanlar ölümü ən çox düşünən və özlərinə gəlməzdən əvvəl ən yaxşı hazırlıq görənlərdir”. (Hz. Ənəs (rə), İbni-Macə, Zühd 31, Kutubi-Sittə, 16-cı cild, səh. 330)

SAXTA DÜNYANIN ODA ÇAĞIRAN RƏHBƏRLƏRİ

Tarix boyu hər cəmiyyətin inkarçıları arasında insanları yönləndirən, hərəkətləri örnək alınan şəxslər yaşamışdır. Allah`a üsyan edən və Onun ayələrini yalan hesab edən bu şəxslər malik olduqları imkanlardan insanları Allah`ın yolundan azdırmaq üçün istifadə etmişlər. Allah Quranda bu insanları “oda çağıran rəhbərlər” (Qəsəs surəsi, 41) olaraq adlandırmışdır.
Quranda keçmiş dövrlərdə yaşadıqları bildirilən Firon və Qarun belələrindəndir. Allah “... Onlar isə Fironun əmrinə tabe oldular. Halbuki, Fironun əmri doğru deyildi. (Firon) Qiyamət günü öz camaatının qabağına düşüb onları Oda aparacaq. Girəcəkləri yer nə pis yerdir!”(Hud surəsi, 97-98) ayələri ilə Fironun Qiyamət günündə qövmünü oda aparmağa rəhbərlik edəcəyini xəbər vermişdir.
Özlərindən sonrakı bütün cəmiyyətlərə ibrət olan Firon və Qarunun ortaq xüsusiyyəti böyük zənginliyə sahib olmaları və bunları şeytanın yolunda istifadə etmələridir. Bunun nəticəsində hər ikisi də Allah`ın qəzəbinə uğramışlar. Çünki insanların dünya həyatında sahib olduqları heç bir şey- nə zəngin olmaları, nə yaxın dostları, nə də cəmiyyətin etibarlı şəxsləri onları Allah`ın dünya və axirətdə verəcəyi əzabdan qurtara bilər. Dolayısilə, bu insanların dünyada inkar yolunda etdikləri cəhdlər yalnız öz əleyhlərinədir. Allah Quranda Firon və Qarun kimilərinin dünya həyatındakı əməllərinin ancaq öz əleyhlərinə olduğunu bildirir:
Beləliklə, hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada yaramaz işlər görsünlər. Halbuki, onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və hiss etmirlər.  (Ənam surəsi, 123)
Sahib olduğu mal-mülk ilə öyünən və Allah`a qarşı böyüklənən Qarun da bəlaya düçar olmuş, sahib olduğu şeylər ona heç bir fayda verməmişdir. Quranda Qarunun vəziyyəti belə xəbər verilir:
(Qarun) dedi: “Bu, mənə ancaq məndə olan biliyə görə verilmişdir”. Məgər o bilmirdi ki, Allah ondan əvvəlki nəsillərdən, ondan daha qüvvətli və daha çox (var-dövlət) yığan kəsləri məhv etmişdir? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmaz.  (Qəsəs surəsi, 78)
Eyni şəkildə, Fironun sahib olduğu hökmranlıq da Allah`ın əzabı qarşısında ona fayda verməmiş, Allah Fironu, sarayını, bütün mülkünü və ordusunu həlak etmişdir:
... Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını darmadağın etdik.  (Əraf surəsi, 137)
(Bunların əməli) Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Firon nəslini dənizdə qərq etdik. Onların hamısı zalım idi.  (Ənfal surəsi, 54)
Bütün bu ayələr dünyada nə qədər güclü və imkanlı olsalar da, Allah`ın qüdrəti qarşısında bütün insanların çox aciz olduğunu göstərir. Ancaq bəzi insanlar dünyanın saxta üzünü görmədiyindən cəmiyyətlərinin rəhbərlərini gözlərində böyüdürlər. Bəzən sırf zənginliyindən dolayı heyran olduqları şəxslərin yanlış hərəkətlərini nümunə götürür, hətta onları təqlid etməyə çalışırlar. Belə bir şəxsin yanlış hərəkətlərini -cəmiyyətin ümumi anlayışına zidd olsa da- normal qarşılayır, hətta dəstəkləyirlər. Qarunun çevrəsindəki insanlar da bu düşüncəyə sahib idilər. Quranda həmin insanların Qarunun imkanlarına həsəd aparıb belə dedikləri bildirilir:
(Qarun) öz zinəti içində xalqının qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir”.  (Qəsəs surəsi, 79)
Göründüyü kimi, cəmiyyətləri üzərində mənfi təsirə malik olan qövmün inkarda öndə gedənləri ətrafındakı insanları da şeytanın inkarçı sistemini yaşamağa çağırmış, malik olduğu imkanlardan həmin kəsləri özləri ilə birlikdə əzaba sürükləmək üçün istifadə etmişlər. Halbuki, Allah hər insanı səmimi imanı yaşamaqla və insanları doğru olana çağırıb onları pis əməllərdən çəkindirməklə mükəlləf etmişdir. Əks təqdirdə, insan Allah qatında və axirətdə böyük məsuliyyət daşıyır. Allah insanlara gözəl örnək olub xeyirə çağırmaq yerinə onları inkara sürükləyən şəxslərin axirətdə öz günahları ilə yanaşı, onların günahlarını da daşıyacağını bildirmişdir:
Qoy onlar Qiyamət günü öz günahlarının hamısını və nadanlıqları üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları (yük) necə də pisdir.  (Nəhl surəsi, 25)
Dünyada sırf varlı, etibarlı və ya cəmiyyətdə əldə etdiyi üstünlük səbəbindən özlərinə örnək götürdükləri insanların axirətdəki gerçək vəziyyətini görənlər çox peşman olacaqlar. Güclü və üstün olduğunu zənn etdikləri bu insanların aciz və çarəsiz olduqlarını anlayacaqlar.
Dünya həyatında mədət umduqları kimi, axirətdə də onlardan yardım istəyəcək, özlərini sonsuz cəhənnəm əzabından qurtarmalarını tələb edəcəklər. Sahib olduğu imkanlara görə böyüklənib Allah`ı inkar edənlər isə Allah`ın qüdrəti qarşısında güclərinin heç bir şeyə çatmadığını dilə gətirəcəklər. Allah inkarçıların bu dialoqunu Quranda belə bildirir:
O zaman onlar odda bir-biri ilə höcətləşəcəklər. Zəiflər təkəbbür göstərənlərə: “Biz sizin ardınızca gedirdik. İndi siz odun bir hissəsindən bizi qurtara bilərsinizmi?”– deyəcəklər. Təkəbbür göstərənlər: “Hamımız bunun içindəyik. Artıq Allah qullar arasında hökmünü vermişdir”, -deyəcəklər.  (Ğafir surəsi, 47-48)
Allah`ın Quranda verdiyi bütün bu bilgilər dünya həyatında oda çağıran rəhbərlərin necə məsuliyyət daşıdığını və axirətdə hansı əzabla qarşılıq görəcəklərini açıq şəkildə ortaya qoyur. Bu həqiqətlərin şüurunda olan bir insan dünyada sahib olduğu bütün imkanlardan Allah`ın rizasını, rəhmətini və cənnətini qazana bilmək üçün istifadə etməlidir. Allah möminlərin bu mövzudakı dualarını belə xəbər vermişdir:
Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!” (Furqan surəsi, 74)
Allah insanlara örnək olub xeyir işlərdə yarışanların önə keçəcəyini, Rəbbimizə yaxınlaşdırılıb cənnətlə mükafatlandırılacaqlarını bildirmiş və bu əxlaqı göstərənləri müjdələmişdir:
(Xeyirxah işlərdə) öndə gedənlər, (Cənnətdə də) öndədirlər! Onlar (Allah`a) yaxın olanlar, Nəim bağlarında (qalacaq kimsələrdir). (Vaqiə surəsi, 10-12)