28 Ağustos 2016 Pazar

GERÇƏK HƏYATIN MƏKANI: AXİRƏT

GERÇƏK HƏYATIN MƏKANI: AXİRƏT

Bu hissəyə qədər dünyanın keçici və aldadıcı yer olduğunu, saxta bəzəklərlə əhatə olunduğu və bu müvəqqəti yerdə insanların nəyin əsasında davranmalı olduğunu izah etdik. İnsanlar üçün gerçək məkanın axirətdəki sonsuz həyat olduğundan bəhs etdik. Bu hissədə isə ölümün ardından hər insanın qarşılaşacağı və sonsuza qədər yaşayacağı gerçək məkan olan axirətin inananlar və inkarçılar üçün nə qədər fərqli olacağından söz açacağıq.

HƏR ŞEYİN ƏSLİ AXİRƏTDƏDİR

Quranda axirət həyatının gerçək həyat olaraq bildirilməsi bütün insanların üzərində düşünüb nəsihət alması gərəkən mövzudur. Qurandakı bu ifadə dünyada gerçək bildiyimiz hər şeyin zənn ediləndən daha fərqli olduğunu ortaya qoyur. Yaşadığımız bu həyat insanların bir ömür ardınca qaçdığı dəyərlər, əldə etməyə çalışdığı bütün gözəlliklər axirətlə müqayisədə gerçək deyil, saxtasıdır. Yəni bu dünya Allah`ın rizasını axtarmayan insanlar üçün saxta mətalarla- saxta dostluq, sevgi və həvəslərlə və s. doludur. Möminlər isə dünyada cənnəti ummağın xoşbəxtliyini yaşayırlar və axirətdə də sevinc və xoşbəxtlik kimi duyğuların gerçəyi və azalmayanı ilə mükafatlandırılacaqlar. O halda, belə bir vəziyyət qarşısında insan özünə bu sualları verməlidir::
Əgər bu dünyada bütün yaşadıqlarım saxtadırsa və bunların gerçəkləri ilə yalnız axirətdə qarşılaşacağamsa, nə üçün keçici və aldadıcı olanlarla kifayətlənib sonsuz və gerçək olanları itirim?
Nə üçün heç yox olmayan, əbədi olan gözəlliklər üçün cəhd etməyim?
İnsan səmimi şəkildə bu sualları özünə verib eyni səmimiyyətlə bunlara cavab verərsə, doğru olan üçün cəhd edər və dolayısilə, həm dünyada və həm də axirətdə xoşbəxt olar. Ağlından istifadə edən hər insan bu suallara, əlbəttə: : “Bu dünyada ən əsas məqsədim Allah`ın rizasını qazanmaq və axirətdə sonsuzadək sürən gerçək həyatım üçün cəhd etmək olmalıdır”, -deyə cavab verər. Bu həqiqəti görən hər insan bir də Quranda bildirilən və elçinin qövmünə verdiyi sualı özünə verməlidir:
Mənə nə olub ki, məni yaradana və hüzuruna qaytarılacağınız (Allah`a) ibadət etməyim?  (Yasin surəsi, 22)
İnsanlar axırda Allah`a dönəcəklər və axirətdə hər şeyin əslini görəcəklər. Buna görə də insan Quranda əsl həyat olduğu bildirilən axirəti səmimi şəkildə düşünməli, sonsuz rəhmət və lütfü ilə insanlara belə böyük nemət bəxş edən Rəbbimizə şükür edib Quran əxlaqını yaşamalıdır.

AXİRƏTDƏ İNKARÇILAR ÜÇÜN KƏDƏR, İNANANLAR ÜÇÜN İSƏ SƏADƏT YARADILMIŞDIR

İnananların istədiyi hər bir şey axirətdə artıqlaması ilə yaradılmışdır. Cənnət həyatında nemət olaraq hədsiz bolluq və gözəllik olacaq. Eyni zamanda, inananlar Cənnətdə mənəvi yöndən də həzz alacaq və bundan başqa, sevgi, nəşə, hüzur kimi duyğuları dünya ilə müqayisədə daha güclü şəkildə hiss edəcəklər. İnkarçılar isə Cəhənnəmdəki acı və əzabları ən ağır dərəcədə yaşayacaqlar. Allah Quranda inkarçıları acı əzabla, iman edənləri isə nemətlərlə dolu Cənnətlə müjdələdiyini bildirmişdir:
Ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ. (Loğman surəsi, 7)
Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir.(Tövbə surəsi, 21)
İnkarçıların Cəhənnəmdəki əzabı dünyadakı ilə müqayisəedilməz dərəcədə ağır olacaqdır. İnkarçılar daha öncə heç yaşamadıqları və təxmin belə etmədikləri qədər şiddətli əzabla cəzalandırılacaqlar. Cəhənnəmdəki odun şiddətini açıqlamaq üçün Quranda bir çox ayədə “yandırıb-yaxan alovlu atəş” ifadəsi işlədilmişdir. Başqa ayələrdə isə odun şiddəti belə bildirilir:
Xeyr! Bu, alovu Oddur – başın dərisini sıyırıb çıxaran (bir od).  (Məaric surəsi, 15-16)
Cəhənnəmdəki bu şiddətli əzabın əksinə, Cənnət xalqına hüzurlu mühit hazırlanmışdır. Allah Cənnəti iman edən qulları üçün ən gözəl və ən qüsursuz şəkildə yaratmışdır. Bundan başqa, orada iman edənlər üçün Allah`ın razılığı vardır. Allah onlardan razı olmuş və onları əbədi səadətlə mükafatlandırmışdır. Quranda Allah`ın razılığının ən böyük qarşılıq olduğu belə bildirilir:
Allah mömin kişilərə və mömin qadınlara altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allah`ın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur.  (Tövbə surəsi, 72)
Cənnətlə Cəhənnəm xalqının fərqini Allah bir ayədə belə bildirir:
Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. (Məgər onlar) od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi?  (Məhəmməd surəsi, 15)
İmam Qəzali təfəkkürlərində Cənnət və Cəhənnəm arasında əzab və nemət baxımından nə qədər kəskin fərqliliklərin olduğunu açıqlamış və insanları bu barədə ağıllı düşünməyə dəvət etmişdir:
Bil ki, qəmlər və kədərlərin (ki, bunlar bir atəşdir) bildiyin cəhənnəm evinin qarşılığında bir başqa ev vardır. (O da cənnətdir) Onun nemətlərini və verəcəyi sevinclərini düşün. Çünki bu ikisinin birindən uzaq olan, heç şübhəsiz, digərində qərar tapar. Cəhənnəmin qorxuncluğunu uzun-uzun düşünüb ürəyinə yerləşdir. Cənnət əhlinə vəd edilmiş əbədi nemətləri də uzun-uzun düşünərək ürəyinə bir ümid yerləşdir. Nəfsini qorxu qırmancı ilə sövq edib, ümid cilovu ilə onu doğru yola apar. Bu surətlə böyük bir varlığa nail olub əzabdan xilas olarsan. Cənnət əhlini düşün ki, üzlərində cənnət nemətlərinin gözəlliyi vardır.
Canlarının istədiklərini taparaq orada əbədi qalacaqlar. Onlar cənnətdə nə qorxarlar, nə də qəmli olarlar. Onlar ölüm narahatlığından əmindirlər.
Sonra, indi bir cənnətin otaqlarını və cənnətin dərəcələrinin yüksəkliyini və müxtəlifliyini düşün. Çünki axirət dərəcələr baxımından ən böyükdür, fəzilət baxımından da ən böyükdür. İnsanlar necə dünyadakı zahiri ibadətləri və batini gözəl əxlaqları baxımından aralarında fərqlidirlərsə, eynilə dünyada etdikləri əməllərin qarşılığı olaraq görəcəkləri mükafat və cəzalar da fərqli olacaqlar. Əgər sən, ey insan, axirətdə ən yüksək dərəcələrə nail olmaq istəyirsənsə, Allah`a (cc) ibadət və itaətdə səni heç kimin keçə bilməyəcəyi şəkildə çalış. Allah (cc) ibadətdə bir-biri ilə yarışmağı əmr etmişdir. (İmam Qəzali Qəlblərin kəşfi, səh. 534-539) 
Göründüyü kimi, axirət üçün insanın iki seçimi vardır: ya sonsuzadək yalnız şiddət və əzab dolu Cəhənnəmi, ya da ən böyük xoşbəxtlik və gözəlliklərlə dolu Cənnəti seçməlidir. Belə ki, bütün ağıllı insanlar sonsuz nemətlərlə dolu Cənnəti seçərlər. Çünki heç kim Allah`ın diləməsi xaricində sonsuzadək qurtuluş imkanının olmadığı, maddi-mənəvi hər cür gözəlliyin qadağan edildiyi bir yerdə- od əzabında və peşmanlıq içində yaşamaq istəməz. Əlbəttə ki, sonsuzadək sürən həyatını sıxıntı və çətinliyin olmadığı, yalnız nemət və gözəlliklərin olduğu bir yerdə keçirməyi arzu edər.
Axirət həyatı Rəbbimizin bildirdiyi qəti həqiqətdir. Axirətdəki şiddətli əzabdan xilas olmaq və gözəl aqibətlə qarşılaşmaq üçün insan bu gerçəkləri düşünüb-daşınmalıdır. Dünyada özünə verilən zamanı Allah`ın rizasını qazanacaq saleh işlər görməklə və Onun bəyəndiyi əxlaqı qazanmağa çalışmaqla keçirməlidir.
Bundan başqa, unutmaq olmaz ki, insan həyatının sonuna qədər etdikləri ilə qane olmamalıdır. Çünki heç kim etdiklərinin özünü qurtaracağından əmin ola bilməz. Bunun üçün həm Cənnətə girməyi umub sevinməli, həm də Cəhənnəm əzabından qorxub xeyir əməllərini daha da artırmalıdır. Allah`ın “Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir” (Kəhf surəsi, 46) ayəsində bildirdiyi kimi, sürəkli olan cəhdin Allah`ın rəhmətini qazanmağa daha yaxın olduğunu bilərək ömrünün sonuna qədər saleh işlər görməyə davam etməlidir. Hz. İbrahimin (əs) Qurandakı “Məni Nəim bağının varislərindən et!” (Şüəra surəsi, 85) duasında olduğu kimi, Allah`ın özünə Cənnəti lütf etməsi üçün dua etməlidir.

Hiç yorum yok:

Yorum Gönder